Gəncəli alim beynəlxalq elmi bazalarda ən çox istinad edilən azərbaycanlı gənc tədqiqatçı seçildi
Cəmiyyət
22.11.2025 21:03
Gəncə şəhərinin elmi nüfuzuna daha bir uğur əlavə olunub.
TodayPress TV-nin məlumatına görə, Gəncənin tanınmış gənc alimi, Elm üzrə Prezident mükafatçısı və Prezident təqaüdçüsü Elnur Həsənov dünyanın nüfuzlu elmi bazalarında əsərlərinə ən çox istinad edilən azərbaycanlı gənc alim kimi yenidən qeydiyyata alınıb.
2025-ci ilin nəticələrinə əsasən, tədqiqatçının elmi işlərinə “SCOPUS”, “Web of Science” və “Google Scholar” platformalarında yerli və xarici alimlər tərəfindən ümumilikdə 1872 istinad edilib.
Elnur Həsənov “InterNational H-index” reytinq platformasında Azərbaycan alimləri arasında, xüsusilə də 40 yaşadək tədqiqatçılar kateqoriyasında ölkə üzrə 1-ci yerə layiq görülüb. O, ictimai-humanitar elmlər üzrə dünyada əsərlərinə ən çox istinad edilən gənc azərbaycanlı alim kimi siyahıya rəhbərlik edir.
Bu göstəricilər Həsənovun ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və digər ölkələrdə yüksək impakt faktorlu elmi nəşrlərdə türk, ingilis, alman, fransız, italyan, rus, ispan və portuqal dillərində dərc olunmuş 400-dən çox elmi əsər və monoqrafiyasının beynəlxalq elmi ictimaiyyətdə geniş rəğbət qazandığını təsdiqləyir.
tag: Gəncə, ALim,Elnur Həsənov, Gənc,SCOPUS, todaypress.tv,
