Fatimə Əyyub: "Uşaqların onlayn təhlükəsizliyi üçün 78 məktəbdə maarifləndirmə aparılıb"

Cəmiyyət

18.12.2025 12:26

"Dövlət üçün informasiya təhlükəsizliyi prioritet məsələlərdən biridir. Bu sahə, həmçinin 2023-2027-ci illər üçün qəbul olunmuş informasiya və kiber təhlükəsizliyi strategiyasında da öz əksini tapıb".

TodayPress TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi Fatimə Eyyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu sahədə qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində bir neçə istiqamətdə fəaliyyət göstərir:

"Ən önəmli istiqamətlərdən biri maarifləndirmədir. 2024-cü ildən “Məktəblinin dostu” layihəsi çərçivəsində Xidmət məktəblərdə silsilə maarifləndirmə tədbirləri keçirib. Layihə çərçivəsində 78 məktəblə əməkdaşlıq olunub, 481 təlim təşkil edilib və təxminən 42 min məktəbli və təhsil əməkdaşı informasiya təhlükəsizliyi sahəsində maarifləndirilib. Bu maarifləndirmələr uşaqların zərərli informasiyadan qorunmasını da əhatə edir. Layihə 2025-ci ildə də uğurla davam etdirilib.

Digər fəaliyyət istiqaməti, yayılması qadağan edilmiş məlumatların internetdə yerləşdirildiyi hallarda onlara müraciətin məhdudlaşdırılmasıdır. Qanunvericiliyə görə informasiya məhsulunun sahibi, yayıcısı və ya informasiya ehtiyatının sahibi həmin məhsulu yerləşdirərkən yaş kateqoriyasına uyğun təsnifatlandırmalıdır. Bu kateqoriyalar 6 yaşadək, 6+, 12+, 16+ və 18+ olaraq müəyyən olunub. Məsələn, insan bədəninə aid təsvirlər yaş kateqoriyasına uyğun təsnif edilir".

Nazirliyin nümayəndəsi əlavə edib ki, qlobal platformalarda qanun pozuntusu aşkarlandıqda Elektron Təhlükəsizlik Xidməti valideyn nəzarətinin tətbiqi barədə metodik dəstək verir:

"Bu, tətbiqdaxili və ya oyundaxili məhdudiyyətlərin necə qurulması barədə tövsiyələri əhatə edir. Valideynlər həmçinin oyundaxili satınalmaların necə məhdudlaşdırılacağını öyrənirlər.

Əlavə olaraq, yayılması qadağan edilmiş informasiya yerləşdirildikdə Xidmət internet resursunun sahibinə müraciət edir və müəyyən vaxt verir ki, həmin məlumat aradan qaldırılsın və ya yaş kateqoriyasına uyğunlaşdırılsın. Əgər tədbir görülməzsə, internet resursuna giriş məhdudlaşdırılır".

Fatimə Eyyub qeyd edib ki, bütün bu tədbirlərin məqsədi uşaqların təhlükəsiz internet mühitində olmalarını təmin etmək və onların sağlam inkişafına mane ola biləcək risklərin qarşısını almaqdır. 

O vurğulayıb ki, təcrübə göstərir ki, dövlət qurumları, valideynlər, təhsil işçiləri və cəmiyyət birgə əməkdaşlıq etdikdə uşaqlar üçün daha təhlükəsiz internet mühiti yaratmaq mümkündür. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,