Əziz Ələkbərli: “Xocalı soyqırımı unudulmayacaq”
Cəmiyyət
26.02.2026 12:52
“Xocalı soyqırımı tariximizin ən ağrılı, ən qanlı səhifələrindən biridir və bu faciə heç zaman unudulmayacaq”.
TodayPress TV xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli Xocalı faciəsinin 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.
Əziz Ələkbərli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri öz vəhşiliklərini bir daha nümayiş etdirdi və Xocalının 613 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirildi:
“Bu faciə unudulmayacaq. Şükür ki, 5 il öncə — 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qəhrəmanlarımızın şücaəti nəticəsində Xocalının qisasını aldıq, amma məsələ bununla bitmir. Erməni separatizmini, revanşizmini və digər əməllərini dəstəkləyən bəzi beynəlxalq qüvvələr bu gün də öz ikili standartlarından əl çəkmirlər.
Ona görə də bizim üzərimizə düşən əsas məsələ millətimizin birliyini qorumaq, tarixi yaddan çıxarmamaq və onun dərslərindən nəticə çıxarmaqdır. Tarixin dərsləri indiki nəsil üçün də, gələcək nəsillər üçün də önəmlidir”.
Deputat hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri aparıldığını bildirib:
“Xocalı abadlaşır, Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz yenidən qurulur, məcburi köçkünlərimiz uzun həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. İnşallah, qaçqınlarımız da öz ata-baba yurdlarına qayıdacaqlar”.
Qiymət Mahir
tag: Əziz Ələkbərli,Deputat,Xocalı,Abidə,Todaypress.tv,
