Basdırmalarda at əti aşkarlandı: Hansı təhlükələri var?

Cəmiyyət

14.11.2025 15:15

Bakıda satışda olan bəzi basdırmalardan götürülmüş nümunələrdə at əti DNT-si aşkarlanıb. Satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bəs istehlakçı bunu necə ayırd edə bilər?

Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov TodayPress TV-yə bildirib ki, bu, həm istehlakçı hüquqlarının pozulması, həm də sağlamlıq baxımından ciddi risklər yaradır.


Ekspert qeyd edir ki, alıcıya məlumat verilmədən fərqli növ ət satılması hüquqi və etik pozuntudur:

"At ətinin bəzi ölkələrdə istehlak olunmasına baxmayaraq, əsas risk məhz həmin ətin harada və necə kəsildiyi, baytarlıq nəzarətindən keçib-keçmədiyi, soyuq zəncirin düzgün qorunub-qorunmaması ilə bağlıdır. Bu şərtlər gözlənilmədikdə, xəstəliklər, allergik reaksiyalar və mikrobioloji çirklənmə riski yarana bilər".

Ekspertin sözlərinə görə, saxta və ya düzgün etiketlənməmiş məhsullar qida sektoruna olan ictimai etimadı azaldır:

"Belə məhsulları ayırd etmək mümkündür. Onların üzərində baytarlıq sənədləri və heyvan mənşəyinə dair məlumat olmalıdır. Etiket və qablaşdırmada “mal əti”, “dana əti”, “tərkib” kimi məlumatlara diqqətlə baxılmalıdır. Ətin rəngi, qoxusu və toxuması normaldan fərqlənirsə, məhsul şübhəli ola bilər. Yalnız etibarlı mağaza və emal müəssisələrindən alış-veriş etmək tövsiyə olunur. Aşağı qiymət təklifləri riskli ola bilər, çünki çox ucuz məhsullar saxtakarlıq ehtimalını artırır".

Fərid Səfərov istehlakçıları diqqətli olmağa və qida təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak etməyə çağırıb, şübhə yarandıqda, istehlakçılar AQTA-nın 1003 Çağrı Mərkəzinə və ya “E-Qidam” mobil tətbiqinə müraciət edə biləcəklərini xatırladıb.

Türkan İsgəndərli

tag: Ət,Basdırma,Təhlükə,Ekspert,Qida,Todaypress.tv,