Bakı Limanı tarixində ilk: yüz mininci konteyner qəbul edildi

Cəmiyyət

18.12.2025 12:05

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ümumilikdə Azərbaycanın nəqliyyat-logistika sistemi üçün mühüm və əlamətdar hadisə baş verib. İlk dəfə olaraq Bakı Limanı 100 mininci konteynerini qəbul edib.

TodayPress TV xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Eldar Salahov jurnalistlərinə açıqlamasında bildirib ki, bu göstərici ölkə tarixində ilk dəfə qeydə alınır və nəqliyyat-logistika sahəsində mühüm nailiyyət hesab olunur.

Onun sözlərinə görə, 2025-ci il fevralın 25-də ölkə rəhbərliyinin razılığı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Azərbaycan Dəmir Yolları” ilə birləşdirilməsi nəqliyyat-logistika sisteminin vahid idarəetməyə keçməsinə, liman əməliyyatlarının dəmir yolu daşımaları ilə inteqrasiyasına və əməliyyat imkanlarının genişləndirilməsinə xidmət edib.

Eldar Salahov qeyd edib ki, bu birləşmənin real nəticələri artıq özünü göstərir və məhz bu gün yüz mininci konteynerin qəbulu bunun bariz nümunəsidir. O, həmçinin Bakı Limanının bütün istiqamətləri üzrə rekord göstəricilərin qeydə alındığını diqqətə çatdırıb.

Direktor əlavə edib ki, cari ilin sonunadək ümumi yükaşırma həcminin 8 milyon ton artacağı gözlənilir və artıq bu göstəriciyə xeyli yaxınlaşmaq mümkündür. Gələcək illərdə isə daha böyük məhsul axını və daha yüksək nəticələrin əldə olunacağı proqnozlaşdırılır.

Qiymət Mahir

TodayPress TV

tag: Eldar Salahov,Bakı,Liman,Daşıma,Todaypress.tv,

photo