Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi" yaradılacaq

Cəmiyyət

10.12.2025 21:40

Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin yaradılması və idarə edilməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Sənədə əsasən, həmçinin təlim və texnologiya tətbiqinə dair dəstək mexanizmləri formalaşdırılacaq.

Mərkəzdə azı 25 müəssisənin müvafiq sahədə təlimlərə cəlb edilməsi, təqdim olunan rəqəmsal transformasiya xidmətlərindən faydalanan müəssisələrin sayının hər il artırılması, eləcə də rəqəmsal transformasiyadan keçmiş müəssisələrin sayının və fəaliyyət sahəsi üzrə rəqabət qabiliyyətinin davamlı yaxşılaşması hədəflənir.

Mərkəzin məqsədi müasir texnologiyaların tətbiqi ilə biznes proseslərinin optimallaşdırılmasına dəstək göstərmək, "öyrən və transformasiya et" modeli əsasında təlim və məsləhət xidmətləri təqdim etməkdir. Türkiyənin "MEXT Rəqəmsal Bacarıqlar Mərkəzi"nin və Sinqapurun "Digital Capability Center"nin təcrübələrinə əsaslanaraq, işçi məhsuldarlığında 15–30 %, sektor üzrə isə 10–30 % artım əldə edilməsi gözlənilir.

Strategiyaya əsasən, yeni texnologiyaların tətbiqi nəticəsində əməliyyat səmərəliliyi azı 5−10 % yüksələcək, Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcək, ümumi nəticə olaraq isə rəqəmsal iqtisadiyyatın qeyri-neft ÜDM-də payı, həmçinin İKT sektorunun payı davamlı artacaq.

TodayPress TV

tag: Yeni Nəsil Texnologiyalar Mərkəzi, Azərbaycan, İlham Əliyev, todaypress.tv,