Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar

Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03.09.2025 12:31 Cəmiyyət

Ali Məhkəmənin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.

Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etməyib.

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən olunur:

* Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;

* İctimai (ümumi) maraqların qorunması məqsədilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunub-olunmadığına diqqət yetirməlidir.

Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

Həmçinin adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.

Ali Məhkəmə qərarında qeyd edib ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə edib. Lakin hazırkı işin halları baxımından cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olub. İddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan ad-soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.

Yuxarıda şərh edilənlərə əsasən, Ali Məhkəmə iddiaçının şikayətini təmin etməyib, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər