Ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 84 min manatdan çox ziyan vuruldu

Cəmiyyət

21.11.2025 20:50

Ölkə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 min manatdan çox ziyan vurulub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430 ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

TodayPress TV

tag: Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Ağac, Gəncə, Qanunsuz, todaypress.tv,