Adil Qeybulla: “Heç bir gəliri olmayan şəxs tibbi sığorta haqqı ödəməməlidir"

Cəmiyyət

13.11.2025 12:55

“Biz qətiyyən, yəni heç bir gəliri olmayan şəxsi icbari tibbi sığorta üçün ödənişə cəlb edə bilmərik. Axı bu ödənişi onlar haradan ödəməlidirlər?”

Bunu tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, bu məsələ yalnız gəliri olan şəxslərə şamil edilə bilər, gəliri olmayan insanlar isə dövlət tərəfindən qorunmalıdır:

"Ümumiyyətlə, işsiz insanlar dünyanın hər yerində əmək birjalarında qeydiyyata alınırlar. Bu, çox vacib məsələdir. Əmək birjalarının əsas məqsədi ondan ibarətdir ki, bu cür şəxslərin maliyyələşdirilməsi, onlara müəyyən dotasiyaların verilməsi, onların icbari tibbi sığortasının təmin edilməsi və digər məsələlərlə məşğul olsunlar. Həmin əmək birjaları onların sığorta xərclərini qarşılayır".

Doktor əlavə edib ki, Azərbaycanda bu struktur hələ tam formalaşmadığı üçün işsiz və gəlirsiz şəxslərin tibbi sığortası dövlət hesabına təmin edilməlidir:

"Bizdə bu struktur hələ tam qurulmayıb. Ona görə də işi və gəliri olmayan şəxslərin icbari tibbi sığortası mütləq dövlət hesabına, büdcə vəsaitləri hesabına ödənməlidir. Bu, çox vacib məsələdir".

Adil Qeybullanın sözlərinə görə, inkişaf etmiş ölkələrdə gəliri olmayan vətəndaşlara sosial müavinətlər ayrılır. Bunun məqsədi onların minimal həyat şəraitini təmin etmək və ictimai təhlükəsizlik risklərini azaltmaqdır:

"Dünyanın hər yerində gəliri olmayan, işləməyən şəxslərə, hətta buradan gedən və ya başqa ölkələrdən gələn mühacirlərə müəyyən müavinətlər verilir. Bu müavinətlərin məqsədi ondan ibarətdir ki, həmin şəxslər minimal həyat şəraitini təmin edə bilsinlər, cinayətə əl atmasınlar, başqa qeyri-qanuni fəaliyyətlərlə məşğul olmasınlar".

Mütəxəssisin fikrincə, real gəliri olmayan şəxsləri sığorta haqqı ödəməyə məcbur etmək nə iqtisadi, nə də sosial baxımdan əsaslı deyil:

"Amma bu gün işi və gəliri olmayan şəxslərin doğrudan da real gəliri yoxdursa, onları icbari tibbi sığortaya necə cəlb etmək olar? Mən düşünürəm ki, bununla bağlı müəyyən anlaşılmazlıq var və bu məsələyə aydınlıq gətirilməlidir".

Professor həmçinin bildirib ki, bəzi hallarda insanlar formal olaraq işləsələr də, onların gəlirləri rəsmi şəkildə qeydə alınmır. Bu kimi şəxslərin də büdcə hesabına sığortalanması vacibdir:

"Ola bilər ki, şəxs müəyyən formal işlə məşğuldur, lakin onun gəlirləri leqal şəkildə sənədləşdirilməyib. Yəni faktiki olaraq gəliri yoxdur. Belə hallarda həmin şəxslərin tibbi sığortası da büdcə hesabına təmin edilməlidir. Sığortadan heç kim kənarda qalmamalıdır. Azərbaycanın əhalisi çox deyil və bu reallığı nəzərə almaq lazımdır", – deyə Adil Qeybulla vurğulayıb.

Qeyd edək ki, Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər müzakirə olunur. Təklifə əsasən, rəsmi iş yeri olmayan, yəni qeyri-formal məşğulluq sahəsində çalışan şəxslər ayda 16 manat icbari tibbi sığorta haqqı ödəməli olacaqlar. Ödənişin gecikdirilməsi halında isə 10 faiz cərimə tətbiq ediləcək.

Türkan İsgəndərli

 TodayPress TV

tag: Adil Qeybulla, Tibbi sığorta,Doktor ,Gəlir ,Todaypress.tv,