Uqandalı ekspert: Qadınların torpaq hüquqları mənzil təminatının əsas şərtidir
“Qadınların torpaq üzərində hüquqlarının tanınması onların mənzil və resurslara çıxışını gücləndirir”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bütün qadınlar və qızlar üçün adekvat mənzilə aparan yollar və imkanlar” adlı paneldə Uqandada “Shelter and Settlements Alternatives” təşkilatının icraçı direktoru Doroti Baziv deyib.
O bildirib ki, icma hüquq məsləhətçiləri qadınların torpaq və mənzil məsələlərinin həlli üçün arbitraj və mediasiya proseslərinə dəstək göstərir, eyni zamanda yerli hakimiyyət orqanları, məhkəmələr və digər qurumlarla əlaqələr yaradır.
Doroti Baziv vurğulayıb ki, qadınların torpaq hüquqlarının təmin edilməsi üçün iştirakçılıq əsasında torpaq xəritələndirməsi mühüm vasitələrdən biridir:
“Bir çox hallarda qadınların adları torpaq sənədlərində və mülkiyyət hüququ sənədlərində yer almır. Bu isə onların hüquqlarının müdafiəsini çətinləşdirir”.
O qeyd edib ki, Uqandada torpaqların 64 faizi ənənəvi idarəetmə sisteminə tabedir və bu şəraitdə qadınlar çox zaman torpaq mülkiyyətindən kənarda qalırlar:
“Qadınlar ya torpağa sahib olmur, ya onu miras almır, ya da həyat yoldaşını itirdikdən sonra torpaqdan uzaqlaşdırılır. Ənənəvi mülkiyyət hüququ sertifikatları qadınların torpaq hüquqlarını rəsmiləşdirməsinə və torpaqdan əldə olunan gəlirlər, resurslar, eləcə də mənzil imkanları üzərində nəzarətini gücləndirməsinə şərait yaradır”.
Qiymət Mahir