D-8 Baş katibi: Maliyyələşmə əsas maneəyə çevrilib

Xarici siyasət

19.05.2026 15:44

“Maliyyələşmə enerji keçidlərinin şəhərsalma gündəliyi ilə uyğunlaşdırılmasında fundamental bir maneə olaraq qalır. Aydındır ki, inkişaf etməkdə olan ölkələr güzəştli maliyyələşmə, texnologiya transferi və beynəlxalq tərəfdaşlıqlara çıxış imkanlarını genişləndirmədən öz səylərini artıra bilməzlər”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “D-8-in yüksək səviyyəli enerji və şəhər dialoqu: D-8 regionunda dayanıqlı şəhərlərin gücləndirilməsi və enerji keçidlərinin şəhərsalma gündəliyi ilə uyğunlaşdırılması” adlı tədbirdə çıxış edən D-8 Təşkilatının Baş katibi, səfir Sohail Mahmood deyib.

Onun sözlərinə görə, sürətli urbanizasiya prosesi artan iqlim həssaslığı ilə paralel şəkildə baş verir. Dünya Bankının məlumatına istinad edən Baş katib bildirib ki, inkişaf etməkdə olan ölkələrin iqlim və inkişaf hədəflərinə çatmaları üçün 2030-cu ilə qədər dayanıqlı şəhər infrastrukturu investisiyalarına trilyonlarla dollar vəsait lazımdır.

Sohail Mahmood qlobal miqyasda iqlim maliyyələşməsindəki balanssızlığa diqqət çəkib:

“Mövcud balanssızlıq ondan ibarətdir ki, son on ildə təmiz enerjiyə yatırılan hər beş dollardan yalnız biri Çindən kənarda olan inkişaf etməkdə olan iqtisadiyyatlara yönəldilmişdir. Daha ədalətli razılaşmaya ehtiyacın olduğunu nə qədər vurğulasaq azdır”.

Baş katib qeyd edib ki, keçid dövrünün sosial xərcləri və şəhərlərdəki bərabərsizliyin azaldılması əsas hədəf olmalıdır. Onun fikrincə, ədalətli keçid şəhərlərdə ən çox risk altında olan təbəqələri mərkəzə qoymalıdır:

“Buraya qalıq yanacaq dəyər zəncirindən asılı olan qeyri-formal sektor işçiləri, yemək bişirmək üçün biokütlə və kerosindən istifadə edən aztəminatlı ailələr və 'yaşıl' bacarıqlara və layiqli iş yerlərinə ehtiyacı olan şəhər gəncləri daxildir”.

Qiymət Mahir

TodayPress TV

tag: Sohail Mahmood,Baş katib,WUF13,Çıxış,Todaypress.tv,