Bakıdan dünyaya multikulturalizm mesajı: “Azərbaycanda 30-dan çox xalq sülh içində yaşayır”
“Yerli icmalar şəhər həyatında müxtəlif çətinliklərlə üzləşirlər”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantının mərkəzində şəhərlər: Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
O bildirib ki, yerli icmaların əksəriyyəti şəhərlərdə yaşasa da, şəhərlər onların ehtiyacları nəzərə alınaraq planlaşdırılmayıb:
“Yerli icmalar səhiyyə, mənzil şəraiti, təhsil və iş imkanlarına çıxışda çətinliklərlə üzləşirlər. Onlar özlərini çox vaxt cəmiyyətdən və qərarvermə prosesindən kənarda hiss edirlər. Şəhərsalma siyasətinin formalaşdırılmasına yerli icmalar da cəlb edilməlidir. Şəhərlər yalnız fiziki məkan deyil, həm də mədəni mühitdir”.
O qeyd edib ki, hökumət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları arasında güclü əməkdaşlıq vacibdir.
Ravan Həsənov əlavə edib ki, yerli xalqların bilikləri dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıyır:
“Yerli xalqlar üçün torpaq sahib olmaq vasitəsi deyil, qorunmalı və paylaşılmalı bir dəyərdir. Bu düşüncə tərzi xüsusilə iqlim dəyişiklikləri və ekoloji problemlər dövründə çox önəmlidir”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru bildirib ki, Azərbaycanda “yerli xalq” termini istifadə olunmasa da, ölkədə əsrlərdir mədəni və dini müxtəliflik mövcuddur:
“Azərbaycanda 30-dan çox fərqli xalq yaşayır və multikulturalizm bizim həm həyat tərzimiz, həm də dövlət siyasətimizdir”.
Qiymət Mahir