Xanlıqlardan Xankəndinə: Tam suveren Azərbaycan dövlətinə doğru

Xanlıqlardan Xankəndinə: Tam suveren Azərbaycan dövlətinə doğru
14.06.2026 10:42 Təhlil

Tarixdə siyasi təqvim vahidləri millətlərin qanlı mübarizələri ilə formalaşır.  15 iyun 1993-cü il iki əsr ərzində itirilmiş siyasi subyektliyin, parçalanmış dövlətçilik ənənəsinin, məhv edilmiş milli elitanın və yarımçıq qalmış istiqlal hərəkatının bir dövlət daxilində yenidən birləşdirilməsinin rəmzidir.

Dövlətlərin tarixi müharibələrin, imzalanan müqavilələrin və sərhəd dəyişikliklərinin xronologiyası ilə yanaşı, siyasi ideyanı millətin ümumi iradəsinə çevirən şəxsiyyətlərin rolu ilə də izah olunur. Amerika dövlətçiliyinin qurucu atalarından biri Tomas Cefferson 1776-cı il İstiqlal Bəyannaməsinin əsas müəllifi kimi koloniyaların Britaniya imperiyasından ayrılmasını siyasi qərarla gerçəkləşdirdi, xalqın öz müqəddəratını müəyyənləşdirdi və dövlət hakimiyyətini vətəndaşın təbii hüququ  kimi əsaslandırdı. Ceffersonun tarixi rolu bir dövlətin yaranmasından daha geniş idi: o, imperiya tabeliyindən çıxan cəmiyyətin özünü ayrıca və bərabər siyasi subyekt elan etməsinin ideoloji dilini formalaşdırdı.


Lakin dövlətin elan edilməsi onun əbədi yaşayacağı demək deyildi. Təxminən bir əsr sonra Avraam Linkoln Amerika dövlətçiliyinin ikinci böyük sınağı qarşısında dayandı. Vətəndaş müharibəsi dövründə onun missiyası artıq yeni dövlət yaratmaqla bitmirdi, parçalanmaq təhlükəsi ilə üzləşən İttifaqı qorumaq, mərkəzi hakimiyyətin legitimliyini bərpa etmək və müharibənin siyasi mənasını azadlıq ideyası ilə birləşdirmək idi. 1863-cü il Azadlıq Bəyannaməsi və köləliyi ləğv edən Konstitusiyanın XIII düzəlişinə verdiyi siyasi dəstək göstərdi ki, milli birlik ərazi vahidliyi ilə dövlətin daşıdığı hüquqi və mənəvi məzmunla möhkəmlənir.

Cefferson və Linkolnun tarixi missiyaları bir-birini tamamlayan iki dövlətçilik mərhələsini göstərir: birincisi siyasi ayrılmanın və suveren dövlətin ideyasını formalaşdırdı, ikincisi isə həmin dövləti dağılmaqdan qoruyaraq onun hüquqi əsaslarını genişləndirdi. Azərbaycan tarixində də quruculuq, qurtuluş və bütövləşmə funksiyaları müxtəlif dövrlərdə fərqli nəsillərin üzərinə düşüb. Xanlıqların süqutundan sonra milli düşüncəni yaşadan ziyalılar, Cümhuriyyəti yaradan qurucu liderlər, sovet sisteminin daxilində gələcək müstəqilliyin institusional dayaqlarını formalaşdıran siyasi iradə və 1993-cü ildə dövləti parçalanmadan xilas edən Rəhbər eyni uzunmüddətli dövlətçilik prosesinin ayrı-ayrı mərhələləridir.

Göründüyü kimi,  “Milli Qurtuluş” anlayışı siyasi və hərbi xaosdan xilasdan çox, dövlətçilik ideologiyasının qorunması  kimi çoxəsrlik tarixi məna daşıyır. Həmin idealın əsasını xalqın öz siyasi iradəsinə sahib olması, qərarların imperiya mərkəzlərində deyil, milli dövlət daxilində qəbul edilməsi, milli kadrların yetişdirilməsi, tarixi yaddaşın qorunması, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi təşkil edir. Qurtuluşun iki yüz illik məzmunu  belə başlayır - Azərbaycan coğrafiyasında yerli dövlət hakimiyyətlərinin ləğvindən müstəqil respublikanın yaranmasına, sovet totalitarizmindən milli institusional potensialın formalaşmasına, 1993-cü ilin dövlət böhranından 2020-ci ilin Zəfərinə və 2023-cü ilin tam suverenliyinə qədər uzanan vahid tarixi xətt formalaşır.

Xanlıqların süqutu: siyasi subyektliyin itirilməsi

XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları müasir milli dövlətin bütün xüsusiyyətlərinə malik vahid siyasi sistem deyildi. Bununla belə, onlar yerli hakimiyyət, diplomatiya, vergi, hərbi qüvvə və ərazi idarəçiliyi institutlarına malik siyasi subyektlər sayılır. Qarabağ xanlığı və onun paytaxtına çevrilən Şuşa milli dövlətçilik mərkəzlərindən biri kimi meydana çıxmışdı. Pənahəli xanın yaratdığı siyasi paytaxt İbrahimxəlil xan dövründə geniş regional münasibətlər sisteminin iştirakçısına çevrildi, Qarabağ coğrafi məkan olmaqdan çox, hakimiyyət və qərarverici mərkəz kimi formalaşdı.


XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza hərbi yürüşləri yerli siyasi subyektlərin müstəqilliyinə son qoydu. 1805-ci il Kürəkçay müqaviləsi Qarabağ xanlığını Moskvanın nəzarətinə verdi və xanın daxili hakimiyyətinin qorunacağı barədə təminatlar yaratdı. Lakin sonrakı hadisələr həmin vədlərin imperiyanın genişlənməsi qarşısında hüquqi sipər olmadığını göstərdi. İbrahimxəlil xanın 1806-cı ildə rus hərbçiləri tərəfindən öldürülməsindən sonra hakimiyyətə gələn Mehdiqulu xan Qarabağın sonuncu xanı oldu. Rusiyanın təzyiqləri nəticəsində onun 1822-ci ildə Qarabağı tərk etməsi ilə xanlıq ləğv edildi və yerli hakimiyyət komendant üsul-idarəsi ilə əvəzləndi.

Mehdiqulu xanın taleyi milli mənada bir hökmdarın şəxsi məğlubiyyətindən daha geniş məna daşıyır. Şuşadan gedən sonuncu xanla birlikdə Qarabağın müstəqilliyini təmin edən siyasi hakimiyyət mərkəzi kimi mövcudluğu da başa çatdı. Şəki xanlığının 1819-cu, Şirvan xanlığının 1820-ci, Qarabağ xanlığının isə 1822-ci ildə ləğvi göstərirdi ki, imperiyanın məqsədi xanlıqları müttəfiq və ya muxtar tərəfdaş kimi saxlamaq istəmir, onları vahid inzibati-müstəmləkə sisteminə daxil etməyi hədəfləyir. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilhaq prosesini tamamladı, Azərbaycan iki imperiya arasında bölündü və Arazın şimalındakı ərazilər Rusiya dövlət sisteminə qatıldı.


Məhz burada əsas ideya meydana çıxır: Rusiya imperiyası daxilində Azərbaycan cəmiyyəti modernləşə, yeni məktəblər, mətbuat, şəhər mədəniyyəti və milli ziyalı təbəqəsi yarada bilərdi, lakin müstəqil Azərbaycan dövlətçiliyi həmin imperiyanın siyasi quruluşu daxilində gerçəkləşə bilməzdi. İmperiya yerli əhalinin iqtisadi və mədəni fəaliyyətinə müəyyən məkan verirdi, lakin suveren qərarqəbuletməni, milli ordunu, müstəqil diplomatiyanı və ərazi üzərində ali hakimiyyəti öz əlində saxlayırdı. Buna görə də XIX əsrdə qurtuluş ideyası saraydan və xan divanından mətbuata, məktəbə, ədəbiyyata və ictimai fikrə keçdi.

İmperiya daxilində millətin formalaşması

Xanlıqların ləğvi dövlətçilik ənənəsini aradan qaldırsa da, milli düşüncəni məhv edə bilmədi. Əksinə, XIX əsrdə yaranan yeni ziyalı təbəqəsi parçalanmış coğrafiyanı dil, mədəniyyət, tarix və ictimai fikir vasitəsilə yenidən bir siyasi təsəvvürdə birləşdirməyə başladı. Abbasqulu ağa Bakıxanov tarix şüurunu elmi düşüncəyə gətirdi, Mirzə Fətəli Axundzadə ictimai yeniləşmənin fəlsəfi əsaslarını qoydu, Həsən bəy Zərdabinin “Əkinçi”si milli mətbuat məkanını yaratdı. Sonrakı mərhələdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə və başqa ziyalılar mədəni xalq anlayışını siyasi millət ideyasına yaxınlaşdırdılar.


20-ci əsrin əvvələrinin əsas paradoksu ondan ibarət idi ki, milli oyanış imperiyanın daxilində baş verdi, lakin onun məntiqi nəticəsi quruluşun sərhədləri daxilində qalmadı. Təhsil görmüş azərbaycanlı elita Rusiya dövlət sisteminin hüquqi və inzibati mexanizmlərini öyrənir, eyni zamanda həmin sistemin xalqın siyasi iradəsini təmsil etmədiyini daha aydın dərk edirdi. Beləliklə, iki əsrlik qurtuluş ideologiyasının ikinci mərhələsi formalaşdı: itirilmiş xanlıq hakimiyyətini eyni formada bərpa etməklə, müasir parlamentə, vətəndaşlığa, hüquqa və milli suverenliyə əsaslanan respublika yaratmaq yeganə yol idi.

Cümhuriyyət: dövlətçilik yaddaşının siyasi formaya çevrilməsi

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi XIX əsr boyu davam edən milli maarifçilik, mətbuat, ictimai təşkilatlanma və siyasi fikir hərəkatını dövlət formasında nəticəsi idi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və onların silahdaşları xanlıqlar dövrünün parçalanmış hakimiyyətləri əvəzinə, vahid Azərbaycan siyasi millətini təmsil edən parlamentli respublika yaratdılar.


Lakin 1920-ci ilin aprelində Sovet Rusiyasının hərbi müdaxiləsi və ermənilərin Qafqazlarda uzun sürən dövlətçilik planları siyasi xəritədə müstəqil dövlət layihəsini yarımçıq qoydu. Azərbaycan yenidən formal respublika adı daşıyan, lakin əsas siyasi, hərbi və iqtisadi qərarları mərkəzdən verilən sistemin tərkibinə daxil edildi.

Çarizm və sovet hakimiyyəti ideoloji baxımdan bir-birindən fərqli quruluşlar idi. Bununla belə, Azərbaycan dövlətçiliyi baxımından onların ortaq xüsusiyyəti siyasi iradənin imperiya mərkəzində cəmlənməsi idi. Çar general-qubernatorlarını sovet komissarları, imperiya bürokratiyasını partiya nomenklaturası əvəz etdi. Dövlətçilik atributlarının bir hissəsi saxlanılsa da, suverenlik mövcud deyildi. Buna görə 1920-ci il yalnız hökumətin dəyişməsi yox, Cümhuriyyətin yaratdığı milli siyasi subyektliyin yenidən məhdudlaşdırılması idi.

1920–1969: mərkəzin nomenklaturasından milli siyasi iradəyə

1920-ci ildən sonrakı mərhələni yalnız repressiya və istismar anlayışı ilə ümumiləşdirmək Azərbaycanın bolşeviklər tarixinin siyasi mənzərəsini tam göstərməzdi. Formal olaraq, Azərbaycan Sovet Sosialist Respublikası mövcud idi, lakin real hakimiyyət Ümumittifaq Kommunist Partiyasının mərkəzi aparatına bağlı nomenklatura vasitəsilə həyata keçirilirdi. 1920-ci  və 1930-cu illərin əvvəllərində - ümumilikdə 13 ildə Azərbaycana rəhbərlik edən 11 şəxsin yalnız ikisi etnik azərbaycanlı idi. Sergey Kirov, Levon Mirzoyan, Nikolay Gikalo, Vladimir Polonski və Ruben Rubenov kimi mərkəzdən göndərilən partiya rəhbərləri respublikanın əsas siyasi və iqtisadi qərarlarını Moskvanın strateji maraqları çərçivəsində icra edirdilər. 


Burada problem rəhbərlərin etnik mənsubiyyətindən çox onların siyasi təyinatının və legitimliyinin Azərbaycan xalqından deyil, imperiya mərkəzindən  alınması idi. 1933–1953-cü illərdə respublikaya rəhbərlik edən Mircəfər Bağırov yerli milli kadr olsa da, Stalin sisteminin sərt idarəçilik və repressiya mexanizminin daşıyıcısı kimi fəaliyyət göstərdi. Sənayeləşmə, təhsil və müəyyən milli kadr quruculuğu ilə kütləvi repressiyaların eyni siyasi dövrdə yaşanması onun tarixi portretini ziddiyyətli etdi. Mir Teymur Yaqubov, İmam Mustafayev və Vəli Axundovun rəhbərlik illərində yerli kadrların, Azərbaycan dilinin və respublikanın elmi-sənaye potensialını genişləndirmək üçün ayrı-ayrı təşəbbüslər göstərilsə də, onların fəaliyyət sərhədlərini yenə mərkəzi hakimiyyət müəyyən edirdi. 

Həmin illərdə milli şüur tamamilə sönmədi - o, dövlət strukturlarından çəkilib mətbuata, teatrа, kinoya, dil mübahisələrinə köçdü.Sistem nə qədər sıxsa da, milli iradə hər dəfə başqa bir formada üzə çıxırdı. Yarım əsr boyunca gizli saxlanılmış, lakin ölməmiş bir potensialın üzərinə gəldi. 1960-cı illərin sonu çarizmdən sovetlərə qədərki tarixi fonu aydın görməyə imkan verir. 

1969-cu il: müstəqilliyin institusional bazası və iki əsrlik Milli Qurtuluşdur

Nə üçün 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbər seçilməsi iki əsrlik qurtuluşdur?  Doğrudur, elmi baxımdan artıq tarixiləşən qərarı birbaşa dövlət müstəqilliyi ilə eyniləşdirmək doğru olmazdı. Azərbaycan hələ Sovet İttifaqının tərkibində idi və suveren qərarvermə səlahiyyətinə malik deyildi. Lakin 1969-cu ildən başlanan yeni mərhələnin tarixi əhəmiyyəti başqa müstəvidə idi: gələcək müstəqillik üçün zəruri olan iqtisadi, idarəçilik, təhsil, hərbi və mədəni potensial sistem daxilində yalnız üç müttəfiq respublikadan biri kimi toplanmağa başladı.

Beləliklə, ilk dəfə azərbaycanlı siyasi xadim həm respublika idarəçiliyinin bütün mexanizmlərini, həm də imperiya mərkəzinin qərarvermə sistemini ən yüksək səviyyədə bilən lider mövqeyinə çatdı. Fərdi yüksəliş müstəqil dövlətçiliyə sahiblik deyildi, lakin milli siyasi iradənin gələcəkdə istifadə edəcəyi idarəçilik məktəbi və strateji təcrübə idi.


Bir tarixi parallel: Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətini qurması ilə müqayisə bir fərqi aydın göstərir. Atatürk süqut etmiş altı yüz illik imperiyanın xarabalıqları üzərində milli azadlıq savaşı apararaq yeni respublika yaratdı. Heydər Əliyevin 1969-cu ildən başlayan fəaliyyəti isə totalitar sistem daxilində, açıq istiqlal proqramı irəli sürmədən, milli kadr, iqtisadi baza və dövlətçilik düşüncəsi formalaşdırmaq üzərində qurulmuşdu. Atatürk milli dövləti döyüş meydanında və parlamentdə yaratdı, Heydər Əliyev gələcək dövlətin insan və institut bazasını sistemin daxilində yetişdirdi. Şərait və metodlar fərqli olsa da, hər iki modeldə əsas məsələ xalqı siyasi dağılmadan çıxarmaq və milli iradəni dövlət institutuna çevirmək idi.

Otto fon Bismarkın missiyası də birbaşa tarixi bərabərlik deyil, dövlət quruculuğu məntiqinin müqayisəsidir. Bismark Almaniyanın birləşdirilməsi üçün Prussiyanın hərbi, diplomatik və bürokratik gücünü vahid milli məqsədə yönəltdi. Azərbaycan modelində isə uzunmüddətli nəticə üçün milli kadr, iqtisadi potensial, ordu və siyasi varislik zənciri yaradıldı. Bismarkın layihəsi bir neçə müharibə və qısa zaman kəsiyində reallaşdı, Azərbaycan dövlətçiliyinin bərpası isə nəsillər boyu davam edən, müxtəlif rejim və mərhələlərdən keçən daha uzun proses oldu.

1937-ci ilin kütləvi repressiyalarını DTK arxivlərində yaxşı görən və ondan düzgün nəticə çıxaran Heydər Əliyev yaxşı bilirdi ki, əsrin əvvələrində baş verən qəsdlər milli elitanın və alternativ gələcəyin məhvinə yönəlib. Sovet hakimiyyəti milli dövlətçilik yaddaşını daşıyan insanların sistemli şəkildə sıradan çıxarırdı. Ona görə də milli azadlıq uğrunda mübarizəni ərazi və hakimiyyət naminə aparılmazdan öncə,  xalqın yaddaşını qaytarmaq uğrunda aparılmalıydı.

Təkcə bir nümunə: 1982-ci ildə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Naxçıvana gətirilməsi sırf mədəni hadisə sayıla bilməz. Qərar sovet sisteminin unutdurmaq istədiyi milli şəxsiyyətlərin yenidən xalqa qaytarılması, repressiya ilə qırılmış tarixi və mədəni bağların bərpası sonrakı siyasi qurtuluşun mənəvi  dayağına çevrildi.

Kremldən Naxçıvana, Naxçıvandan Bakıya

1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılması rus və erməni millətçilərinin imperiyanın qeyri-millətlərindən ən güclüsünün əlinə keçməsinə yol verməməsi deməkdir. İosif Stalinın qorxusu Kreml elitasında hələ yaşayırdı. Heydər Əliyev çarizmdən Cümhuriyyətə, Nərimanovdan Elçibəyə qədər heç bir siyasət adamının bacarmadığı Moskvadan xilas olmaq və ya sağ qalmanı gerçəkləşdirdi, yəni, əvvəlcə milli respublikadan imperiya başçılığına getdi, daha sonra Kremlin qəzəbinə gəldikdə şəxsi xilasını milli Qurtuluşa və Böyük Qayıdışa çevirdi. Onun sovet rəhbərliyini ittiham edən bəyanatı imperiyadan milli siyasi məkana – yeni şəraitdə müstəqil dövlətə qəti dönüşünü ifadə edirdi.

Kremldən Bakıya, Bakıdan Naxçıvana və 1993-cü ildə yenidən Bakıya Böyük Qayıdış əvvəlcə siyasi xilaskarlıq adını alsa da sonralar tam mahiyyətini qazandı - ərazi bütövlüyü və konstitusion suverenliyin tamlaşması ilə erməni məsələsi Azərbaycan coğrafiyasından tam çıxarılmaqla Birinci Pyotrdan sonra cızılan siyasi xəritə sıfırlandı. 


1993-cü il: dövlətin dağılma ehtimalından konstitusion mərkəzləşməyə

1993-cü ilin yayında Azərbaycanda yaşanan yalnız hakimiyyət böhranı deyildi. 1969-cu ilin Milli Qurtuluşuna qarşı olan qüvvələr iki əsrdən sonra indi sovetlər daxilində deyil, artıq azadlığa və istiqlaliyyətə qovuşmuş bir xalqı təzədən özlərinə tabe etdirmək istəyirdilər. Heydər Əliyev Rusiyanın çarizmdən başlayan Azərbaycanı ələ keçiriməsi siyasətinə, faktiki olaraq, həm də özünün də siyasi qəsdinə təslim olmadı. Mixail Qorbaçov və Boris Yeltsin tarixdə ilk dəfə, bir milli rəhbəri yenə bilmədilər. Əliyev daxildə, qiyam qaldıran və ona yenilən qüvvələrdən çox imperiyadan xilas oldu, müstəqil dövləti müəyyən ərazilərin müvəqqəti itirilməsi şərtilə qurtarmağı bacardı. 

Azərbaycanla Gürcüstanın 1992-ci il modeli arasındakı fərq xüsusilə diqqətəlayiqdir. Zviad Qamsaxurdiyanın zorla devrilməsindən sonra Eduard Şevardnadze Mxedrioni və digər silahlı qrupların yaratdığı hakimiyyət böhranı şəraitində ölkəyə qayıtmışdı. Yeni siyasi rəhbərlik bir müddət həmin paramilitar qüvvələrdən asılı vəziyyətdə qaldı. Azərbaycanda isə Surət Hüseynovun silahlı qüvvəsi ilə danışıqlar aparan Heydər Əliyev sonrakı mərhələdə dövlət institutlarını həmin qüvvələrin tabeliyinə vermədi; əksinə, silahlı strukturların mərkəzi dövlətə tabe etdirilməsi xəttini həyata keçirdi. 

15 iyun bir liderin hakimiyyətə qayıdışı dağılmaqda olan siyasi-inzibati quruluşun və torpaqların yenidən dövlət formasına salınmasıdır. Milli Qurtuluş Gününün tarixi məzmunu sabitlik sözünün özündən daha genişdir: qanuni hakimiyyət mərkəzinin bərpası, ordunun vahid komandanlığa qaytarılması, xarici siyasətin milli maraqlara əsaslanması, neft strategiyasının formalaşdırılması və dövlət institutlarının uzunmüddətli fəaliyyət qabiliyyətinin yaradılması nə qədər doğrudursa, ilk növbədə, Azərbaycan iki əsrlik əsarətdən xilas olmaqla Milli Qurtuluşa nail oldu. 

Heydər Əliyevin tarixi xidməti Cümhuriyyətdən miras qalan dövlət adını, üçrəngli bayrağı, gerbi, himni və respublika prinsipini yalnız formal atributlar kimi qorumaqla məhdudlaşmadı; o, həmin atributları real hakimiyyət, işlək institutlar, vahid ordu və beynəlxalq subyektliklə təmin edərək müstəqil dövlətin dayanıqlı əsaslarına çevirdi.

Birinci və İkinci Qarabağ müharibəsi: yarımçıq savaşdan dövlət Zəfərinə

İki əsrlik qurtuluş ideologiyasının Qarabağ xətti xüsusi əhəmiyyət daşıyır. XIX əsrin əvvəllərində Qarabağ xanlığının ləğvi ilə başlayan siyasi subyektlik itkisi XX əsrin sonlarında separatizm və işğal şəklində yenidən dövlətçilik probleminə çevrildi. İki xalqın münaqişəsi 1988-ci ildə başlayan etnik-ərazi mübahisəsi deyil, regionda imperiya idarəçiliyinin yaratdığı siyasi mirasın müasir nəticələrindən biridir.

1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı döyüşən azərbaycanlıların məhz 1969-1982-ci illərdə formalaşmış nəslin nümayəndələri idi. Onlar sovet Azərbaycanında təhsil almış, şəhər və kəndlərin sosial-mədəni inkişaf mühitində yetişmiş, Cəmşid Naxçıvanski məktəbi və digər hərbi təhsil müəssisələri vasitəsilə peşəkar hazırlıq qazanmışdılar. Birinci Qarabağ müharibəsində əsgərin və könüllünün iradəsi mövcud idi, lakin vahid dövlət komandanlığı, siyasi sabitlik və institusional əlaqələr yetərli deyildi. Ona görə də “məğlub olan əsgər deyil, siyasi komandanlardır” tezisi tarixi-siyasi məzmun daşıyır.

1993-cü ildən sonra dövlətin və ordunun yenidən qurulması, iqtisadi resursların vahid milli strategiyaya tabe etdirilməsi, beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarının genişləndirilməsi və siyasi varisliyin qorunması Birinci Qarabağ müharibəsində yarımçıq qalmış məqsədi sonrakı nəsil üçün real dövlət proqramına çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi potensial hərbi və texnoloji üstünlüyə, diplomatik xətt isə hərbi-siyasi nəticəyə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi itirilmiş torpaqların azad edilməsi ilə yanaşı, iki əsr ərzində Azərbaycan coğrafiyası üzərində qərar verən xarici mərkəzlərə qarşı milli siyasi iradənin qəti təsdiqi idi.

Nəticədə, Birinci və İkinci Qarabağ müharibələri hüquqi və hərbi mərhələləri fərqli olsa da, mahiyyətcə vahid dövlətçilik savaşının iki hissəsi kimi qiymətləndirilə bilər. Birinci mərhələdə milli iradə var idi, lakin onu qələbəyə aparacaq dövlət mexanizmi mövcud deyildi. İkinci mərhələdə xalqın iradəsi, peşəkar ordu, siyasi rəhbərlik, iqtisadi baza və beynəlxalq müttəfiqlər vahid sistemdə birləşdi. Hər iki nəslin mübarizəsi 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı ilə Zəfər simvoluna, 20 sentyabr 2023-cü ildə isə ölkənin bütün ərazisində konstitusion suverenliyin təmin olunması ilə yekun dövlət nəticəsinə çevrildi.

Beləliklə, Azərbaycan dövlətçiliyinin tarixinə yeni baxış zərurətə çevrilir; Cümhuriyyət irsi, respublika quruluşu və sovetlər dövrü, daha sonra müstəqil dövlətçiliyin tarixi varisliyi haqqında müzakirələr 2020-ci ildən sonra erməni məsələsinin milli coğrafiyamızdan çıxarılması ilə yeni siyasi mərhələyə - 4-cü Azərbaycan respublikasının qurulmasına keçid deməkdir. Əlbəttə, tarix ən qısamüddətli dövlət ənənələrini də nəzərə almağı tələb edir.

Birinci - 1918–1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman dünyasında ilk parlamentli demokratiya; İkinci - 1920 - 1991-ci illər sovet dövrü, formal respublika atributları ilə real suverenliyin olmadığı mərhələ; Üçüncü - 1991-ci ildən etibarən bərpa olunan müstəqil Azərbaycan Respublikası, 1993-cü ildə dövlət böhranından xilas edilərək sabitləşdirilmiş, ərazi bütövlüyü isə hələ tam bərpa olunmamış dövr; Dördüncü – 2020 – 2023 - cü ilin 20 sentyabrından başlayan yeni mərhələ: Azərbaycan bütün ərazisində konstitusion suverenliyini tam bərpa etdi,  sabiq imperiyaların nəzarət mexanizmlərini neytrallaşdırdı, regional müstəqil aktor kimi formalaşdı. Siyasi tarix baxımından hər mərhələ dövlətçiliyin keyfiyyətcə fərqli bir pilləsini ifadə edir.

15 iyun, 8 noyabr və 20 sentyabr: vahid milli təqvim

Milli təqvimdə simvollaşan günlər bir-biriilə ictimai-siyasi mənada möhkəm bağa malikdir. 15 iyun dövlətin dağılmasının qarşısının alındığı, 8 noyabr ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpa edildiyi, 20 sentyabr isə suverenliyin bütün ölkə ərazisində tam təmin olunduğu mərhələləri ifadə edir. Milli siyasi təqvimin üç tarixi millətin düşüncəsində də bütövləşir: dövlət xilas edilməsəydi, ordu və iqtisadiyyat qurula bilməzdi; dövlət gücü formalaşmasaydı, Zəfər mümkün olmazdı; Zəfərin yaratdığı strateji və coğrafi üstünlüklər olmasaydı, tam suverenlik təmin edilməzdi.

Beləliklə, Qurtuluş və Zəfər eyni dövlətçilik mübarizəsinin başlanğıcı və nəticəsidir. 1969-cu ildə başlayan və 15 iyun 1993-cü ildə qorunan dövlət 8 noyabr 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdi, 20 sentyabr 2023-cü ildə isə öz hüquqi-siyasi hakimiyyətini bütün ərazisində təmin etdi. Milli Qurtuluşun iki əsrlik ideoloji məzmunu məhz həmin xəttdə, axında, silsilədə tamamlanır: xanlıqların ləğvindən sonra itirilmiş siyasi qərarvermə hüququ, Cümhuriyyətin qısa ömründə bərpa edildi, sovet dövründə məhdudlaşdırıldı, 1969-cu ildən institusional baza qazandı, 1993-cü ildə müstəqil dövlət formasında xilas edildi, 2020-2023-cü illərdə isə ərazi və suverenlik baxımından bütövləşdi.

İki əsrlik qurtuluşun tarixi hökmü

Azərbaycanın iki əsrlik siyasi tarixini yalnız işğalların, müqavilələrin, repressiyaların və müharibələrin ardıcıllığı kimi dəyərləndirmək doğru olmaz. Həmin zaman periodu eyni zamanda siyasi iradənin müxtəlif formalarda yaşaması tarixidir. Mehdiqulu xanın Şuşadan ayrılması yerli hakimiyyətin sonunu ifadə edirdi; Cümhuriyyət liderləri həmin hakimiyyət ideyasını modern respublika səviyyəsində bərpa etdilər. Sovet rejimi müstəqil dövlət quruluşunu qırdı,  lakin milli yaddaşı və dövlətçilik istəyini tamamilə aradan qaldıra bilmədi. Repressiya ziyalıları məhv etdi, amma onların yaratdığı fikir xətti bütünlüklə silinmədi.

1969-cu ildən başlayan kurs tarixi açıq olmasa da kommunistlərin ideoloji fasadına uyğun şəkildə yaddaşı iqtisadi, mədəni, hərbi və idarəçilik potensialı ilə birləşdirdi. 1993-cü ilin 15 iyunu həmin potensialın müstəqil dövləti qoruyan siyasi iradəyə çevrildiyi tarix oldu.

Milli Qurtuluş bir günün, bir liderin və ya bir siyasi mərhələnin adı, Azərbaycan xalqının iki əsr ərzində imperiya idarəçiliyindən milli suverenliyə, parçalanmış siyasi məkanlardan vahid dövlətə, repressiya olunmuş yaddaşdan öz tarixinə sahib çıxan cəmiyyətə doğru hərəkətinin ideologiyasıdır. 

Şuşada Qarabağ xanlığının siyasi hakimiyyətinin ləğvindən Xankəndidə Azərbaycan bayrağının ucalmasına qədər keçən iki əsr göstərdi ki, müstəqil dövlətçilik imperiya tərkibində verilən inzibati imtiyaz deyil; xalqın siyasi iradəsi, milli elitası, ordusu, iqtisadi gücü və tarixi yaddaşı ilə qazandığı suveren hüquqdur. Azərbaycanın iki əsrlik Milli Qurtuluşunun əsas hökmü də budur.

Qarabağdan Azərbaycan davasına

“Qarabağ Azərbaycandır!” deyən İlham Əliyev və xalq yalnız müəyyən bir bölgənin inzibati - hüquqi mənsubiyyətini müdafiə etmirdi. Çağırışın mahiyyətində Azərbaycan dövlətinin özü, onun siyasi subyektliyi, tarixi yaddaşı və gələcəkdə öz taleyini müstəqil müəyyənləşdirmək hüququ dayanırdı. Qarabağ uğrunda aparılan savaş iki əsr ərzində müxtəlif formasiyalarda davam edən Azərbaycan davasının müasir mərhələsi idi.


Şuşa və Qarabağ üzərində hakimiyyət məsələsi XIX əsrin əvvəllərindən etibarən yerli dövlətçiliklə imperiya idarəçiliyi arasındakı qarşıdurmanın əsas düyünlərindən birinə çevrilmişdi. 2020-ci ildə Şuşaya qayıdış və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin təmin olunması həmin tarixi qarşıdurmanın Azərbaycan dövlətinin xeyrinə həll etdi. Qarabağın azad edilməsi ilə Azərbaycan yalnız torpaqlarını geri qaytarmadı; imperiyaların region üzərində yaratdığı siyasi mexanizmlərin, separatizm alətlərinin və xaricdən idarə olunan daimi münaqişə modelinin təsir imkanlarını da neytrallaşdırdı.

İndi imperiya varisi olan dövlətlər Azərbaycanın qərarlarına əvvəlki əsrlərdəki kimi canişinlər, komissarlar, hərbi bazalar, separatçı qurumlar və məcburi vasitəçilik mexanizmləri ilə hökm edə bilmirlər. İmperiyanın ölkə daxilinə uzanan ənənəvi siyasi əlləri böyük ölçüdə neytrallaşdırılıb. Azərbaycan öz təhlükəsizlik, enerji, nəqliyyat və xarici siyasət xəttini müstəqil müəyyən edən regional subyektə çevrilib. Lakin xarici təsir imkanlarının zəiflədilməsi Milli Qurtuluşun son və dəyişməz mərhələsi deyil; suverenliyin davamlılığı daxildə cəmiyyətin gücündən asılıdır.

Dövlət son onilliklərdə hərbi, siyasi və iqtisadi baxımdan böyük güc qazanıb, ictimai institutlar da həmin yüksəlişin səviyyəsinə eyni sürətlə çatmalıdır. Hüquqa etimadın, ictimai məsuliyyətin, sosial həmrəyliyin, elm və təhsilin, azad təşəbbüsün, yerli özünüidarənin və vətəndaş iştirakının zəif olduğu şəraitdə dövlətin əldə etdiyi strateji üstünlüklərin güclü ictimai dayaqları olmalıdır. Qüdrətli dövlət sərhədlərini qoruyan ordu və müstəqil qərar verən hakimiyyətlə yanaşı, eyni zamanda öz hüququnu bilən, məsuliyyət daşıyan, istehsal edən, elmi düşünən və ümumi mənafeyi şəxsi maraqdan üstün tutmağı bacaran vətəndaşların birliyidir.

Ona görə Zəfərin növbəti mərhələsi cəmiyyətin gücləndirilməsidir. Ərazi bütövlüyünü ordu, siyasi rəhbərlik və xalqın birgə iradəsi bərpa etdi; onun əbədiliyini isə ədalətli institutlar, güclü ailə, keyfiyyətli təhsil, elmi və texnoloji inkişaf, iqtisadi müstəqillik, milli həmrəylik və fəal vətəndaşlıq təmin edə bilər. Qələbəni qorumaq iki əsrlik imperial təhlükələri neytrallaşdırmaqla bərabər, hər bir insanı dövlətin inkişafının iştirakçısına çevirməkdir.

Beləliklə, “Qarabağ Azərbaycandır!” hökmü iki əsrlik mübarizənin yekun şüarı olmaqla yanaşı, gələcəyə yönəlmiş siyasi öhdəlikdir. 44 günlük müqəddəs müharibənin  səfərbəredici idioması Şuşanın, Xankəndinin və Qarabağın kimə məxsusluğunu təsdiqlədiyi qədər, Azərbaycanın bütövlükdə heç bir imperiya mərkəzindən idarə olunmayacağını, xalqın öz dövlətinə və dövlətin öz xalqına söykənəcəyini bəyan edir. 

İki əsrlik Azərbaycan davasının çağdaş hökmü Ulu öndərdən mirası və İlham Əliyevin liderliyi ilə güclü dövlətin Qurtuluşunu və Zəfərini güclü xalq, yetkin və qüdrətli cəmiyyət əbədiləşdirə bilər.

Zahid Oruc,

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər