Yapon qırıcıları 3 gündür ki, səmadan enmir
Yaponiya Şərqi Çin dənizi və Sakit okean üzərində hava məkanına yaxınlaşan potensial təhlükələrə cavab olaraq üç gün ardıcıl F-15 qırıcılarını havaya qaldırıb.
TodayPress TV Yaponiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, oktyabrın 30-u, 31-i və noyabrın 1-də fövqəladə hava əməliyyatları həyata keçirilib. Ölkənin Cənub-Qərb Hava Hücumundan Müdafiə Qüvvələri gecə-gündüz yüksək hazırlıq vəziyyətində saxlanılıb.
Bu fəallıq Çinlə gərginliyin yüksək olaraq qaldığı bir vaxta təsadüf edir. Xüsusilə Tayvan yaxınlığında yerləşən Yaponiyanın cənub-qərb adaları ətrafında vəziyyət diqqət mərkəzindədir.
Oktyabrın əvvəlində də Çin hərbi pilotsuz uçuş aparatları və kəşfiyyat təyyarəsi Okinava yaxınlığında uçuşlar həyata keçirdikdən sonra Yaponiya qırıcıları havaya qaldırılmışdı. Həmin vaxt ABŞ və Yaponiya on minlərlə hərbçinin iştirak etdiyi genişmiqyaslı hərbi təlimlər keçirirdi.
Tokio Yaponiya hava məkanının qorunması məqsədilə silahlı qüvvələrin sutka ərzində, həftənin yeddi günü yüksək hazırlıq vəziyyətində olduğunu bildirir.
Zəhra Məmmədova