Seçkidən sonra İLK TƏMAS: Paşinyan Əliyevin qarşısında yeni mandatla necə oturdu?
Avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti ikitərəfli görüş baş tutdu. Bu görüş, 2026-cı ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın partiyasının qələbə qazanmasından və onun yenidən Baş nazir kürsüsünə əyləşməsindən sonra iki ölkə liderinin ilk təkbətək təması kimi xüsusi əhəmiyyət kəsb edir. Seçki zəfəri ilə öz daxili siyasi mövqelərini möhkəmləndirən Paşinyanın yeni mandatla masaya əyləşməsi, iki dövlət arasındakı sülh gündəliyinin və birbaşa dialoqun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra hər iki dövlətin liderləri bu istiqamətdə vacib fikirlər səsləndiriblər. Ekspertin sözlərinə görə, sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürülən təkliflərin əsasını Ermənistan Konstitusiyasına dəyişiklik olunması məsələsi təşkil edir:

“Masada müzakirə olunası kifayət qədər ciddi məsələlər var. Bilirsiniz ki, Ermənistan və Azərbaycan müstəqillik qazandıqdan sonra heç vaxt iqtisadi, diplomatik və siyasi münasibətlərdə olmayıblar. Lakin sülh sazişinin paraflanmasından sonra artıq Ermənistana Azərbaycandan keçməklə taxıl, dənli bitkilər, ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də Azərbaycanın Ermənistana satdığı yanacaq və müxtəlif sürtkü yağları ötürülür. Hətta bu istiqamətdə ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələr də gedir.
Bundan başqa, Ermənistanla kifayət qədər böyük sərhəd xəttimiz var. Bunun yalnız 13 kilometrə qədəri müəyyən olunub və nişanlanıb. Digər nüanslar da var ki, bunlar gələcəkdə ölkə liderlərinin əsas müzakirə mövzularından biri olacaqdır”.
Politoloq Bakir Həsənbəyli vurğulayıb ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ölkə daxilində ciddi müqavimət mövcuddur:
“Bir tərəfdə kilsə, diaspor, keçmiş Qarabağ klanı, eyni zamanda Rusiyadan siyasi və maliyyə dəstəyi alan, hazırda barələrində müəyyən cinayət işləri qaldırılmış revanşist zehniyyətə sahib qüvvələr var. Düşünürəm ki, bu məsələnin hər iki lider arasında müzakirə mövzularından biri olması tamamilə mümkündür.
İki lider arasındakı təmaslar Azərbaycan və Ermənistanı sülhə, sülh müqaviləsinə doğru bir addım da yaxınlaşdırmaq ehtimalına malikdir. Məsələnin ən müsbət cəhəti isə odur ki, artıq uzun müddətdir, sərhəddə atəşkəsin pozulması ilə bağlı hər hansı hadisənin şahidi olmuruq. Bu prosesin getdikcə daha ciddi xarakter alması, eyni zamanda nəqliyyat dəhlizinin açılması — bizim Zəngəzur dəhlizi dediyimiz, beynəlxalq aləmdə isə TRIPP layihəsi kimi tanınan marşrut üzrə müzakirələrin davam etməsi gözləniləndir. Bilirsiniz ki, ortada şimal və cənub qonşularımızın bu layihənin baş tutmaması ilə bağlı müəyyən iddiaları var. Logistik imkanlar və ya beynəlxalq ticarət yolları üzərində nəzarətin əldən çıxmasından ehtiyat edən hər iki tərəf bu layihənin baş tutmasına ciddi şəkildə mane olurlar. Bütün bunlar, sözsüz ki, günün əsas müzakirə mövzularıdır.
Düşünürəm ki, növbəti görüşlərdə artıq Ermənistan tərəfi yeni Konstitusiyanın mətninin hazırlanması ilə bağlı hər hansı məlumatı qarşı tərəfə — Azərbaycan liderinə vermək imkanına sahib olacaqdır və referendumun keçirilməsinin konturları müəyyən olunacaqdır”.
Ekspert hesab edir ki, diplomatik münasibətlərin davam etməsi ümumilikdə region üçün ən doğru yoldur:
“Dünyanın bir çox regionlarında münaqişə tərəflərinin masaya gətirilməsi kifayət qədər ciddi və problemli məsələdir. Nə yaxşı ki, Azərbaycan liderinin iradəsi ilə — Azərbaycanın Ermənistan üzərində əzici qələbəsinə rəğmən — diplomatik masanın qurulması baş tutdu və proses uğurla davam edir. Sözsüz ki, bu tip görüşlər və danışıqlar məntiqi nəticə etibarilə prosesi sülh müqaviləsinin imzalanması ilə yekunlaşdıracaq”.
Qiymət Mahir