Taleh Bağırzadənin əlini öpdüyü Həmadani Nardaranda Hizbullah bayraqları ilə - 11 il əvvəl ölkədə dini inqilaba cəhd edilib?

Taleh Bağırzadənin əlini öpdüyü Həmadani Nardaranda Hizbullah bayraqları ilə -  11 il əvvəl ölkədə dini inqilaba cəhd edilib?
01.09.2026 15:48 Təhlil

2015-ci il Azərbaycanda bir dönüm nöqtəsi idi. Ölkə az qalsın Yaxın Şərq ölkələri ilə eyni taleyi paylaşacaqdı. Bəziləri Xamneyinin özəl nümayəndəsi Ocaq Nejatla birləşib, yeni bir oyuna başlamışdılar. 2015-ci ildə Ocaq Nejatın xahişi ilə bəzi İranyönümlü şəxslərə QMİ-də yüksək vəzifə verildi. Ocaq Nejat bununla da kifayətlənmədi. Çünki 2014-cü il Azərbaycanda İranın bir proses başlatdığı il idi.


Sonradan isə Ocaq Nejatın göstərişi ilə İranın alimi Nuri Həmədani Bakıya dəvət edilmişdi. Həmədani Nardarana gedib orda görüş təşkil etdilər.

Həmin səhnələr heç yaddan çıxmır, Nardaranda İrana dəstək şüarları səsləndirilir, Hizbullahın bayrağı dalğalanır, Xamneyi rəhbər sədaları yüksəlirdi. Sanki həmin görüntülər Livanın cənubunu xatırladırdı. Bir anlıq düşünmək olardı ki, bəlkə Azərbaycan da Suriya, İraq, Yəmən və Livan kimi İranın bir vilayəti olur? Sanki Bakıda Hizbullahın ilk quruluş tədbiri keçirilirdi. Sanki həmin illər dövlətin sinir mərkəzləri keyidilmişdi. Heç kim demirdi ki, nə baş verir? Ölkədə bu nə oyundur çıxarırsınız?

Həmin illəri izləyən Masallı sakini Abbas Əhədov bildirir: Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir və görürdüm ki, İran eyni ssenari ilə Azərbaycanda da öz nüfuz dairəsini inşa edir. Məzhəbi duyğulara görə İranın bu planına xidmət edilirdi. Ocaq Nejat həmin illər prosesləri necə manipulyasiya eləmişdisə, onun dediyi hər şey qeydsiz-şərtsiz edilirdi. Hətta Ocaq Nejatın xahişi ilə QMİ-də vəzifə verilənlərin bir çoxu hələ də ordadır. Bəziləri hətta rayonlarda nümayəndə işləyir.

Həmin illər İraqda Həşdi Şabi ölkəni ələ keçirmişdi, Yəməndə Husilər güclənmiş, Livan Hizbullahı isə Suriyanın böyük bölümünə nəzarət edirdi. Azərbaycandakı İran tərəfdarları bundan ilhamlanaraq deyirdilər ki, biz də burda nəsə proses başlatmalıyıq və bu prosesin qığılcımını isə Nuri Həmədanini Bakıya gətirməklə, Nardaranda izdiham yaratmaqla, Nardaranda Hizbullah bayrağı qaldırıb, İrana dəstək şüarları səsləndirməklə edirdilər. Sanki Azərbaycanın şiə icmasını bir növ hərəkətləndirirdilər.


Çox təəssüf olsun həmin illər dövlətin siqnalları olaylardan sonra yanmağa başlayırdı. Hökuməti elə inandırmışdılar, sinir mərkəzlərini elə keyitmişdilər ki, bu baş verənlər qarşısında onlar da səssiz idi. Məsələnin adını elə qoymuşdular ki, guya Nuri Həmədanini Bakıya gətirib İran-Azərbaycan əlaqələrini inkişaf etdirirlər. Əslində isə paralel olaraq Ocaq Nejat Tale Bağırzadəni hazırlayırdı. Sonralar onu Nardarana göndərib, Nardaranı Livanın cənubu elan etdilər az qala. Bütün bunları edən isə Ocaq Nejat idi. Digər tərəfin missiyası isə dövlət tərəfdən işləri həll etmək, bir növ Azərbaycanda hansısa olayların başlaması üçün zəmin hazırlamaq idi. Nardaranda Nuri Həmədaninin Hizbullah bayrağı ilə qarşılanması buna ən böyük sübutdur. Hökumətə deyilirdi ki, narahat olmayın ortada biz (mümkündür ki, QMİ) varıq, bunlar hamısı bizim xeyrimizədir, arxa planda isə vəziyyət gərginləşirdi. İranın digər ölkələrdə bu strukturları necə qurduğunu bilənlər bilir.

İranın planı sadə idi. Nuri Həmədani Bakıya gəlir, şiələr arasında bir izdiham yaradılır, hərəkətlənmə başlayır. Həmədaninin Nardaran səfərinin videosunu hamınız görmüsünüz, o izdiham, Hizbullah bayraqlarının dalğalanması və İran şüarları heç biri təsadüfi deyildi. Həmədanini Bakıda Tale Bağırzadə ilə görüşdürmək, Talehin onun əlini öpməsi və bütün bunlar İran planının tərkib hissəsi idi. 


Amma bir məsələ var ki, Nardaranda Hizbullah bayrağının dalğalanması hökuməti sanki yuxudan ayıltdı.

Bütün bunlardan sonra hökumət  təsirdən ayıldı, bir də anladılar ki, vəziyyət təhlükəlidir və nəhayət Nardaran əməliyyatı oldu. Nardaranda dalğalanan Hizbullah bayrağı endirildi. Tale Bağırzadə həbs olundu. Şəbəkəyə qarşı geniş əməliyyatlar keçirildi. Digərləri isə yenə də həmişəki kimi məsuliyyətdən kənarda qaldı. Mövqelərini dəyişərək bildirdilər ki, bunlardan xəbərləri yoxdur, bunlar hamısı yaramazlardır. Sanki Ocaq Nejatla birləşib bütün bu proseslərdə iştirak edən onlar deyilmiş kimi, səssizcə kənara çəkildilər. Doğrudur, Nardaran əməliyyatı sonrası bu plan iflasa uğradı. Hizbullahın Nardarandakı qalası dağıldı. Amma bunlar uzun vədədə Azərbaycana çox zərər verdilər.

Qeyd: hələ 2006-cı ildə ABŞ-ın Bakıdakı səfirliyinin sızan məxfi diplomatik yazışmalarından biri Azərbaycanda İranın dini təsirini ayrıca araşdırırdı. Sənəddə İranın təsirinin xüsusilə dövlət nəzarətindən kənarda qalan şiə icmalarında güclü olduğu qeyd olunur.

Nardaran ayrıca “pro-Iranian Shiite community” kimi xarakterizə edilir. Həmin sənəddə Nardaran məscidinin tikintisinin İran xeyriyyə qurumu tərəfindən maliyyələşdirildiyinə dair məlumat da yer alır.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər