"Lənət olmuş Leninə fabrik satmamışam" - Bolşeviklərə meydan oxuyan Hacı Zeynalabdin Tağıyev
1 sentyabr Azərbaycanın ən böyük xeyriyyəçilərindən biri, milyonçu və maarifpərvər Hacı Zeynalabdin Tağıyevin anım günüdür.
TodayPress TV xatırladır ki, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb bir ailədə dünyaya gəlib. Gənc yaşlarından ticarətə başlayıb, neft sənayesində, tekstil və digər sahələrdə böyük sərvət toplayıb. Lakin o, sərvətini yalnız özü üçün yığmayıb. Ömrü boyu xalqın maariflənməsi, mədəniyyəti və rifahı naminə xərcləyib.
Onun ən böyük xidmətlərindən biri Bakıda Tağıyev Teatrını (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) tikdirməsi olub. Bu teatrı öz vəsaiti ilə inşa etdirib və xalqa hədiyyə edib. Bundan başqa, qızlar üçün məktəb açdırıb, yüzlərlə gəncin xaricdə təhsil almasına yardım göstərib, kasıblara, dullara və yetimlərə daim əl tutub.
Cümhuriyyət qurucularından Nağı bəy Şeyxzamanlının xatirələrində qeyd olunan hadisə isə Tağıyevin xarakterini və millətsevərliyini çox aydın göstərir. Bolşeviklər onun tekstil fabrikinin adını “Lenin tekstil fabrikası” qoyduqda Hacı bu addıma kəskin etiraz edib. O, Nəriman Nərimanovun yanına gedərək belə deyib:
“Mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim… Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da etirazım yoxdur… Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızdır. Mən o alçaq Leninə fabrik satmamışam. Əgər fabrikin adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim!”
Bu sözlər Hacı Zeynalabdin Tağıyevin heç bir ideologiyaya boyun əyməyən bir şəxsiyyət olduğunu göstərir.
O, 1924-cü ildə vəfat edib. Lakin xalqın yaddaşında böyük xeyriyyəçi, maarifpərvər və vətənpərvər bir insan kimi qalıb. Bu gün də Azərbaycanda onun adı hörmətlə yad edilir, xidmətləri unudulmur.
Türkan İsgəndərli