Ət bahalaşdı: Qiymətlər yenidən qalxacaq? - AÇIQLAMA
"Son həftələrdə Azərbaycanda xüsusilə mal və qoyun ətinin qiymətində artım müşahidə olunur. Avqustun əvvəlində bəzi bazarlarda mal ətinin qiyməti təxminən 17-17,5 manatdan 18,5 manata, quzu ətinin isə 21-22 manatdan 23 manata yüksəlib".
Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, hazırkı satış elanlarında da mal ətinin bəzi növləri 16-17 manat və daha yuxarı, qoyun ətinin isə təxminən 13 manatdan başlayan qiymətlərlə təklif edildiyi görünür, lakin bunlar rəsmi orta bazar qiymətləri deyil:
"Bahalaşmanın əsas səbəbləri heyvanların diri çəkidə alış qiymətinin artması, yem xərclərinin yüksəlməsi, otlaq imkanlarının məhdudlaşması, daşınma və digər istehsal xərclərinin bahalaşmasıdır. Tələbin artması da qiymətə əlavə təzyiq göstərir".
İqtisadçının fikrincə, yaxın aylarda qiymətlərin yenidən artması ehtimalı var:
"Xüsusilə payızda yem və heyvandarlıq xərclərinin yüksəlməsi, otlaq imkanlarının azalması və ətə tələbin artması qiymətləri yuxarı çəkə bilər. Lakin artımın miqyası daxili təklifdən və idxalın həcmindən də ciddi şəkildə asılı olacaq. Mənim qiymətləndirməmə görə, hazırkı şəraitdə kəskin ucuzlaşma gözləmək çətindir".
Sədr qeyd edib ki, əgər heyvan və yem xərclərində azalma baş verməsə, yaxın dövrdə mal və qoyun ətində daha bir neçə manatlıq deyil, mərhələli və nisbətən kiçik artımlar daha real görünür. O bildirib ki, əsas məsələ isə heyvandarlığın maya dəyərinin aşağı salınmasıdır. Əks halda pərakəndə qiymətin sabitləşdirilməsi uzunmüddətli mümkün olmayacaq.
Türkan İsgəndərli