“Rusiya heç vaxt Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasında maraqlı olmayıb” - Deputat

Təhlil

04.04.2026 18:50

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, hazırda həyata keçirilən Ermənistan-Azərbaycan normallaşmasının əsasları Rusiyanın fəal iştirakı ilə, 2020-2022-ci illərdə ali səviyyədə əldə olunmuş bir sıra razılaşmalar sayəsində qoyulub. 


Milli məclisin deputatı Arzuxan Əlizadə səfirin sözlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, Kopırkinin açıqlamaları regionda sabitliyə deyil, Moskvanın maraqlarına xidmət edir.  


O vurğulayıb ki, Sergey Kopırkin zaman-zaman səsləndirdiyi açıqlamalarla gündəmə gəlsə də, bu fikirlər Azərbaycanla münasibətlərin normal məcrada inkişafına xidmət etmir. Bu cür açıqlamalar əksinə, Azərbaycan-Ermənistan, eləcə də Rusiya-Azərbaycan-Ermənistan münasibətlərini fərqli prizmadan təqdim edir və Azərbaycanın yürütdüyü dövlət siyasətinə qarşı yönəlir. Onun sözlərinə görə, bu yanaşmalar bir çox hallarda Ermənistana dəstək məqsədi daşıyır, lakin daha geniş mənada Rusiyanın uzun illər apardığı imperiya siyasətinin davamı kimi qiymətləndirilməlidir. Parlamentari əlavə edib ki, Moskvanın əsas məqsədi region ölkələri üzərində, xüsusilə Ermənistan və Azərbaycan üzərində nəzarəti itirməməkdir. 

“Rusiya heç vaxt Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasında maraqlı olmayıb. Qarabağ münaqişəsinin uzun illər davam etməsində, Azərbaycan ərazilərinin işğal altında qalmasında Rusiya amili açıq şəkildə hiss olunub və bu, gizli məqam deyil. Azərbaycan öz gücü və regionda formalaşmış yeni reallıqlar fonunda torpaqlarını işğaldan azad etməyə nail olub”, - deyə deputat izah edib. 


A. Əlizadə xatırladıb ki, bundan sonra bölgədə baş verən proseslər də diqqətəlayiqdir. O vurğulayıb ki, Rusiyanın “sülhməramlı” adı altında qüvvələrin Azərbaycan ərazisinə yerləşdirilməsi ilə prosesə təsir göstərmək cəhdləri olub. Onun sözlərinə görə, həmin dövrdə erməni təxribatlarının arxasında bu qüvvələrin də iştirak etdiyi müşahidə olunub. 

Parlamentari diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinin Moskvada Ermənistanın Baş naziri ilə görüş zamanı səsləndirdiyi fikirlər də bu kontekstdə qiymətləndirilməlidir. O bildirib ki, Putinin 2022-ci ildə Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsindən sonra Rusiyanın imkanlarının məhdudlaşdığına dair açıqlaması əslində reallıqların etirafıdır. Əlizadənin sözlərinə görə, Ermənistan həmin dövrdə regionda formalaşmış vəziyyəti nəzərə alaraq bu addımı atmaq məcburiyyətində qalıb və bu, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təsdiqi kimi qəbul olunmalıdır. 


"Kopırkinin Rusiyanın normallaşma prosesində müsbət rol oynadığına dair fikirləri əsassızdır. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa edib və həm Rusiya, həm də Ermənistan bu reallıqla barışmağa məcbur olub. 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın suverenliyi tam təmin edilib və yaranmış şərait rus sülhməramlılarının bölgədə qalmasını mənasız edib”, - deyə o xatırladıb. 

Millət vəkili əlavə edib ki, bundan sonrakı mərhələdə Ermənistanla münasibətlərin inkişaf istiqaməti, bu ölkədəki xarici hərbi bazaların taleyi və beynəlxalq təşkilatlarla bağlı qərarlar zamanla müəyyənləşəcək və bu, birbaşa Azərbaycanın maraq dairəsində olan əsas məsələ deyil. O bildirib ki, Azərbaycan müharibədən dərhal sonra sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib və münasibətlərin normallaşması istiqamətində real addımlar atan tərəf məhz Bakı olub. Regionda sabitliyin təmin olunması üçün əsas təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülüb və Ermənistana müxtəlif humanitar və iqtisadi jestlər edilməklə bu prosesə töhfə verilib. 


O vurğulayıb ki, delimitasiya və demarkasiya proseslərində tərəflərin birbaşa iştirakı və vasitəçilər olmadan danışıqlara üstünlük verilməsi konkret nəticələrə gətirib çıxarıb. Onun sözlərinə görə, əvvəlki dövrlərdə Rusiya, ABŞ, Fransa və digər aktorların vasitəçilik cəhdləri gözlənilən effekti verməyib, əksinə prosesə mənfi təsir göstərib. Azərbaycanın seçdiyi birbaşa dialoq yolu daha effektiv olub və əldə olunan nəticələr bunu təsdiqləyir. 

“Gələcəkdə də dayanıqlı sülhün əldə olunması Azərbaycanın yürütdüyü siyasətdən və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq və bu kontekstdə Kopırkinin səsləndirdiyi fikirlər reallıqla uzlaşmır”, - deyə deputat fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Azərbaycan,Ermənistan,Arzuxan Əlizadə,Sergey Kopırkin,TodayPress TV,