Qərbin balı, Rusiyanın çomağı: Paşinyan seçkidə iki od arasında qalıb

Qərbin balı, Rusiyanın çomağı: Paşinyan seçkidə iki od arasında qalıb
07.06.2026 11:30 Təhlil

Ermənistanda ölkənin Qərbə doğru irəliləməsini davam etdirəcəyi, yoxsa ənənəvi müttəfiqi Rusiyaya dönəcəyinə qərar verə biləcək parlament seçkilərində səsvermə davam edir.

TodayPress TV xəbər verir ki, üç milyon əhalisi olan kiçik Cənubi Qafqaz ölkəsi baş nazir Nikol Paşinyanın avrointeqrasiya vədi ilə yenidən seçilməyə çalışdığı bir vaxtda Moskvanın artan iqtisadi təzyiqi altındadır.

Seçki beynəlxalq diqqəti ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə hələ də sıx əlaqələrə malik, lakin Qərbə getdikcə yaxınlaşan Ermənistana yönəldib.

Qərblə yaxınlaşma daha çox Paşinyanın siyasətinin nəticəsi hesab olunur.

2018-ci ildə hakimiyyətə gəldikdən sonra baş nazir ölkəsini Moskvadan uzaqlaşdırıb, Aİ-yə üzvlük prosesini başlatmaq üçün qanun qəbul etdirib və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşma sayəsində qonşu Azərbaycanla sülh prosesini sürətləndirib. Sonuncu ona ABŞ prezidenti Donald Trampın dəstəyini qazandırıb.

Paşinyan, həmçinin bu ilin əvvəlində paytaxt İrəvanda Aİ liderləri və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçirilən böyük sammitə ev sahibliyi edib.

Lakin bu uğurlara baxmayaraq, Paşinyanın daxili dəstəyi 2021-ci ildəki 54 faizdən bu gün 30 faizə düşüb.

Paşinyanın daxili dəstəyinin azalmasının əsas səbəblərindən biri Qarabağ məsələsi və 2023-cü ildə Azərbaycanın bölgə üzərində tam nəzarəti bərpa etməsindən sonra yaranan siyasi narazılıqlardır.

Paşinyanın tənqidçiləri onu Azərbaycanla sülh naminə güzəştlərə getdiyinə, o cümlədən Azərbaycanda həbsdə olan qondarma “Dağlıq Qarabağ”ın keçmiş liderlərinin azadlığa buraxılması üçün kampaniya aparmaqdan imtina etdiyinə görə bağışlamayıblar.

Azərbaycanla sülh sazişi də cəmiyyətdə dərin fikir ayrılığı yaradır. Bu yaxınlarda keçirilən sorğuda respondentlərin 44 faizi sazişi dəstəklədiyini, 41 faizi isə əleyhinə olduğunu bildirib.

Paşinyanın tənqidçiləri bir neçə müxalifət partiyası və ittifaq ətrafında birləşiblər. Əsas qüvvələrdən biri keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı”dır. Keçmiş prezident Serj Sarkisyanın “Respublika Partiyası” namizəd irəli sürməsə də, tərəfdarlarını hazırkı baş nazirin əleyhinə səs verməyə çağırıb.

Hər iki keçmiş lider hesab edir ki, Rusiya ilə dərin hərbi və iqtisadi əlaqələrin bərpası Ermənistanın milli təhlükəsizliyinin yeganə təminatıdır.

Paşinyanın əsas rəqiblərindən biri isə Rusiyada sərvət qazanmış milyarder Samvel Karapetyandır. O, hazırda ev dustaqlığındadır və hökuməti devirmək planında ittiham olunur. Karapetyan seçki kampaniyasını qardaşı oğlu vasitəsilə aparır.

Beynəlxalq Respublikaçılar İnstitutunun son sorğusuna görə, Paşinyanın Mülki Müqavilə Partiyası 32 faiz səslə öndədir. Seçicilərin təxminən 40 faizi isə heç bir siyasi xadimə inanmadığını bildirib.

Müxalifət qüvvələri birlikdə hərəkət etsəydilər, Paşinyanın topladığı səsə çata bilərdilər. Lakin parçalanmış vəziyyətdə onun üzərində qələbə qazanmaqda çətinlik çəkirlər.

Rusiyanın iqtisadi silahı

Səsvermənin nəticələri Moskvanın da diqqət mərkəzindədir.

Keçən ay Vladimir Putin Ermənistanın Qərblə daha sıx əlaqələr quracağı təqdirdə itirəcəyi iqtisadi üstünlükləri sadalayıb və “Ukraynadakı böhranın Aİ-yə daxil olmaq cəhdləri ilə başladığını” vurğulayıb.

Sərt ritorikanın ardınca iqtisadi addımlar da gəlib. Seçkilərdən iki həftə əvvəl Moskva erməni güllərinin, mineral suyunun, konyakın, təzə tərəvəz və meyvələrin idxalına qadağa qoyub.

Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin 36 faizini təşkil edib.

Erməni Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin əməkdaşı Haykaz Fanyan bildirib ki, Moskva “7 iyun səsverməsinin yekun nəticələrinə müəyyən formada təsir göstərməyə çalışır”.

“Biz Ermənistanda hesab edirik ki, bu addımların hazırkı siyasi proseslərlə birbaşa əlaqəsi var”, - deyə o bildirib.

Fanyanın sözlərinə görə, Ermənistanın Rusiya hərbi texnikasından asılılığı kəskin şəkildə azalıb və ölkənin hərbi idxalının təxminən 95 faizi artıq Hindistan, Fransa, Çin və digər ölkələrin payına düşür.

“Rusiyanın Ermənistana təsir edə biləcəyi yeganə sahə hazırda iqtisadiyyatdır”, - deyə o qeyd edib.

Bununla belə, Moskva üçün bu, hələ də mühüm təsir vasitəsidir. Rusiya Ermənistana 1000 kubmetr qazı 177,50 dollara satır, halbuki Avropa bazarında bu qiymət apreldə 600 dolları keçib.

Mayın sonunda Rusiya prezidenti Ermənistanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi ilə bağlı “mümkün qədər tez” referendum keçirməyə çağırıb.

Paşinyan isə bu məsələ ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. O bildirib ki, Ermənistanın hələ Aİ-yə namizəd statusu yoxdur və üzvlük perspektivi uzaq görünür.

“Biz Aİİ çərçivəsində üzvlüyümüzü davam etdirəcəyik, ta ki Aİ ilə seçim qaçılmaz olana qədər. Bu gün bu seçim nəzəri xarakter daşıyır”, - deyə Paşinyan bildirib.

Buna baxmayaraq, Aİ geri çəkilmir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistana 50 milyon avro yardım vəd edib və Moskvanın hədəfinə çevrilən məhsullar üzrə İrəvanla ticarətin asanlaşdırılacağını açıqlayıb.

Gərgin kampaniya

Paşinyan seçki kampaniyasını “Sülh tərəfdarı ol!” şüarı ilə aparır.

Lakin kampaniya qarşıdurmalardan da yan keçməyib. Xüsusilə Paşinyanla Qarabağdan köçmüş erməni sakinlər arasında gərginlik yaşanıb.

Hadisələrdən biri baş nazirin vətəndaş fəalı Artur Osipyana qarşı təhqiramiz ifadələr işlətməsi ilə nəticələnib. Osipyan daha sonra seçki kampaniyasına mane olmaqda ittiham edilərək həbs olunub və etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu kimi hadisələr müxalifətin Paşinyanı artan avtoritarizmə meyl göstərməkdə və dövlət resurslarından öz siyasi maraqları üçün istifadə etməkdə ittiham etməsinə səbəb olub.

“Paşinyan və onun rejimi bütün mümkün və qeyri-mümkün inzibati rıçaqlardan istifadə edir. Onlar qorxu və şantaj mühiti yaradırlar”, - deyə “Ermənistan Alyansı”nın deputatı Artur Xaçatryan bildirib.

“Bu qədər gərgin kampaniyanı xatırlamıram”, - deyə o əlavə edib.

Paşinyan isə öz siyasi kursunu “Real Ermənistan” doktrinası üzərində qurub. Bu konsepsiya Ermənistanın ərazi ambisiyalarından və Moskvadan asılılıqdan uzaqlaşaraq Azərbaycanla sülh şəraitində yaşayan və Avropaya inteqrasiya olunan dövlətə çevrilməsini nəzərdə tutur.

Onun dəstəyi əvvəlki illərlə müqayisədə zəifləsə də, bir çox seçici üçün Paşinyan hələ də korrupsiya və avtoritarizmlə əlaqələndirilən keçmiş hakimiyyətə alternativ olaraq qalır.

Səsverməyə gedən erməni seçicilər üçün əsas sual isə budur: onlar Avropa perspektivinin hələ uzaq görünməsinə baxmayaraq, Paşinyanın seçdiyi istiqamətin Rusiyanın təzyiqləri nəticəsində yarada biləcəyi iqtisadi xərcləri qəbul etməyə hazırdırlarmı?

Bu suala cavab 7 iyun seçkilərinin nəticələri ilə müəyyənləşəcək.

Xanım Musayeva

TodayPress TV 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər