İran dünyanı qorxudan o düyməyə basdı: İlin sonuna qədər...

İran dünyanı qorxudan o düyməyə basdı: İlin sonuna qədər...
07.09.2026 14:54 Təhlil

İranın Hörmüz boğazında gəmiçiliyi tamamilə dayandırması fonunda boğazın ilin sonuna qədər bağlı qalması ehtimalı gündəmə gəlib. 

Belə bir ssenarinin reallaşması qlobal enerji bazarında ciddi şok yarada, neft və qaz qiymətlərinin kəskin artmasına, daşımaların və sığorta xərclərinin bahalaşmasına səbəb ola bilər.

Bəs İranın bu qərarı uzun müddət davam etdirmək üçün hərbi və siyasi imkanları nə qədərdir? Hörmüz boğazının uzunmüddətli bağlı qalması regionda təhlükəsizliyə necə təsir göstərəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə bildirib ki,  İranın Hörmüz boğazında gəmiçiliyi uzun müddət məhdudlaşdırması Yaxın Şərqdəki qarşıdurmanı regional müharibə səviyyəsindən qlobal enerji böhranı səviyyəsinə keçirə biləcək ən təhlükəli ssenarilərdən biridir:


“Hazırda boğazdan keçən kommersiya gəmilərinin sayının kəskin azalması artıq riskin nəzəri olmadığını göstərir. Sentyabrın əvvəlində gündəlik tranzit orta hesabla 10 gəmiyə düşüb və bəzi günlərdə bu rəqəm cəmi bir neçə gəmi olub. ABŞ və İran qüvvələri arasında gəmiçiliklə bağlı qarşılıqlı hücumlar isə kommersiya nəqliyyatını daha da riskli vəziyyətə gətirib”.

Analitikin izahına görə, İranın boğazı uzun müddət bağlı saxlamaq üçün müəyyən hərbi imkanları var. Tehran sahilboyu raket sistemləri, pilotsuz vasitələr, kiçik sürətli katerlər və mina təhlükəsi vasitəsilə gəmiçilik üçün ciddi risk yarada bilər:

“Lakin gəmiçiliyin dayandırılması ilə boğazın tam və uzunmüddətli nəzarətdə saxlanılması eyni şey deyil. ABŞ və müttəfiqlərinin dəniz qüvvələri İranın bu imkanlarını məhdudlaşdırmaq və mina təhlükəsini aradan qaldırmaq potensialına malikdir. Bununla belə, boğazın tam təhlükəsiz vəziyyətə gətirilməsi də sürətli proses deyil. 

İran üçün əsas məhdudiyyət isə siyasi və iqtisadi xarakter daşıyır. Hörmüzün uzun müddət bağlı qalması təkcə ABŞ və Qərbə deyil, Çinə, Hindistana və Körfəz ölkələrinə də böyük zərbə vurur. Eyni zamanda İranın öz enerji ixracını və idxalını da məhdudlaşdırır. Buna görə Tehran boğazı daha çox strateji təzyiq aləti kimi istifadə edə bilər, lakin onu aylarla tam bağlı saxlamaq öz iqtisadiyyatına da ağır zərbə vura bilər. 

Odur ki, boğazın ilin sonuna qədər bağlı qalması halında nəticələr çox ciddi ola bilər. Hörmüz dünya enerji ticarətinin ən mühüm boğazlarından biridir və onun uzunmüddətli bağlanması qlobal neft və LNG bazarlarında böyük təklif çatışmazlığı yarada bilər. Nəticədə isə neftin qiyməti həddən artıq yüksələ bilər”.

Y.Bağırzadənin sözlərinə görə, regional təhlükəsizlik baxımından daha təhlükəli nəticə isə qarşıdurmanın genişlənməsidir:

“Gəmiçiliyə qarşı hücumlar ABŞ və İran qüvvələrinin birbaşa toqquşmalarını artırır və Körfəz ölkələrini də münaqişənin potensial hədəfinə çevirir. Enerji infrastrukturu, limanlar və tanker marşrutları hərbi təzyiq vasitəsinə çevrilir. Belə şəraitdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveyt kimi dövlətlər həm öz ərazilərinin təhlükəsizliyini, həm də enerji ixracının davamlılığını təmin etmək üçün daha fəal mövqe tutmağa məcbur qala bilərlər.

Başqa sözlə İranın Hörmüzü uzun müddət təhlükəli vəziyyətdə saxlamaq imkanları real olsa da, ilin sonuna qədər tam blokada tətbiq etmək Tehran üçün də son dərəcə baha başa gələ bilər. Ümumiyyətlə isə Hörmüz məsələsi artıq yalnız İran–ABŞ qarşıdurmasının elementi deyil. Boğazın uzunmüddətli bağlı qalması enerji, logistika və təhlükəsizlik böhranlarını birləşdirərək qlobal xarakterli şok yarada bilər. Ən təhlükəli məqam isə budur ki, kommersiya gəmilərinin hərbi qarşıdurmanın bir hissəsinə çevrilməsi təsadüfi insidentlərin belə daha geniş regional müharibəyə səbəb olması ehtimalını yüksəldir”.

Qiymət Mahir

FOTOLAR

İran dünyanı qorxudan o düyməyə basdı: İlin sonuna qədər... — 1
XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər