Bakıdan Tehrana, Kiyevdən Dəməşqə: Azərbaycanın "humanitar qalxanı" necə işləyir?
Təhlil
06.04.2026 15:59
Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən etibarən xarici siyasətini çoxtərəfli əməkdaşlıq, dialoq və beynəlxalq hüquqa hörmət prinsipləri üzərində qurur. Çünki ölkə siyasi və iqtisadi sahələri ciddi şəkildə inkişaf etdirərək, humanitar diplomatiya sahəsində də unikal nəticələr əldə edib. Azərbaycanın xarici siyasət kursu beynəlxalq müstəvidə sülh, sabitlik və sosial ədalət ideyalarını dəstəkləyir, Azərbaycan adına daha çox qlobal və regional humanitar çağırışlara operativ cavab verən əsas ölkə kimi tez-tez rast gəlirik.

Azərbaycanın humanitar siyasətinin əsasında dövlətlərarası münasibətlərdə humanitar yardım, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri dayanır. Humanitar yardım Azərbaycanın xarici siyasət fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanın xarici siyasətinin humanitar çağırışlarla əlaqəsi xüsusilə Qoşulmama Hərəkatı (NAM) ilə bağlıdır. Ölkə 2011-ci ildə hərəkatın üzvü olmuş və 2021-2024-cü illərdə NAM-a sədrliyi uğurla davam etdirərək beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi və regional sülh prinsiplərini irəli sürüb. Hərəkat çərçivəsində Azərbaycan ərazi bütövlüyü və sülh məsələlərini beynəlxalq platformalarda gücləndirib.
Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan BMT və digər beynəlxalq qurumlarda humanitar təşəbbüsləri dəstəkləyən bəyanatlar və qətnamələrə töhfə verir, qarşılıqlı əməkdaşlıq və dördüncü sektorlar arasında dialoqu təbliğ edir.

Azərbaycanın humanitar siyasətinin həyata keçirilməsində əsas rol Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) tərəfindən oynanır. 2011-ci ildə yaradılan bu agentlik beynəlxalq humanitar və inkişaf yardımlarını əlaqələndirir və həyata keçirir. Agentlik vasitəsilə 90-dan çox ölkəyə yardım göstərilib və bu siyahı daim genişlənir.
Azərbaycanın humanitar siyasəti konkret yardımlar ilə təsdiqlənir. Ölkə müxtəlif təbii fəlakətlər və münaqişələr zamanı mülki əhaliyə yardım göstərib. Məsələn, 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlət qurumları və vətəndaş cəmiyyəti genişmiqyaslı humanitar dəstək göstərib, minlərlə ton ərzaq, çadır, tibbi avadanlıq və maliyyə yardımı təşkil edib. Ukrayna müharibəsi zamanı Azərbaycan mülki infrastrukturun bərpasına yönəlik generatorlar, kabel sistemləri, transformatorlar və digər avadanlıqlar göndərib, heç bir hərbi yardım çatdırmayıb. Suriyaya isə ərzaq, tibbi və uşaq məhsulları ilə yüzlərlə tonluq yardım paketləri göndərilib, ölkənin bərpa prosesinə dəstək verilib.

2026-cı ilin mart–aprel aylarında Azərbaycan İrana üç mərhələdə humanitar yardım göndərib. Bu ilin martın 10-u tarixində 30 ton həcmi olan ilk yardım paketində un (10 ton), düyü (6 ton), şəkər (2,4 ton), içməli su (4 ton), çay (600 kq) və dərmanlarla tibbi ləvazimatlar (2 ton) olub. Martın 18-də Novruz bayramı ərəfəsində 82 ton həcmi olan yardım göndərilib, paketə ərzaq məhsulları (76 ton), dərmanlar (4 ton) və tibbi ləvazimatlar (2 ton) daxil edilib, 5 yük avtomobili ilə daşınıb. Cari ilin Aprelin 4-də isə daha geniş miqyasda 200 ton həcmi olan yardım karvanı İrana çatdırılıb, paketə qida məhsulları (190 ton), dərmanlar (7 ton) və tibbi ləvazimatlar (3 ton) daxil edilmiş, 10 yük avtomobili ilə daşınıb. Yardımlar Azərbaycan-İran münasibətlərində regional həmrəylik və qarşılıqlı dəstək siyasəti kimi qiymətləndirilir.
Jalə Rövşən
tag: Azərbaycan,Bakı,Tehran,Kiyev,Dəməşq,Todaypress.tv,
