Putinin Prezident və xanımı ilə görüşü Azərbaycana nifrət püskürən rus mediasında necə işıqlandırıldı?
Qırğızıstanın paytaxtında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) diplomatik atmosferi Moskva-Bakı münasibətlərində son aylarda baş verən dəyişiklikləri yenidən gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, Azərbaycan və Rusiya münasibətləri son iki ildə kifayət qədər mürəkkəb mərhələdən keçib.
Xüsusilə Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranan gərginlik və Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqe Rusiyanın informasiya məkanında Bakıya qarşı sərt ritorikanı gücləndirib.
Lakin son dövrdə Moskvanın Azərbaycana münasibətində yanaşmasının dəyişdiyi müşahidə olunur. Belə ki, əvvəllər Bakını açıq şəkildə hədəfə alan rusiyalı təbliğat resurslarında indi daha çox ehtiyatlı və izahlı ritorikaya üstünlük verilir. Azərbaycanla münasibətlərin tamamilə pozulmasının Rusiyanın regional maraqlarına cavab vermədiyi artıq daha açıq şəkildə görünür.
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də bu baxımdan diqqətçəkən platformaya çevrilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev , Rusiya Prezidenti Vladimir Putin və digər regional liderlər iştirak edirlər.
Rusiyanın dövlətə yaxın informasiya resurslarının əsas xətti isə əvvəlki dövrlərdə olduğu kimi açıq qarşıdurmadan daha çox diplomatik münasibətlərin qorunmasına yönəlib. Bunun arxasında yalnız siyasi amillər deyil, iqtisadi və geosiyasi reallıqlar da dayanır.
Moskva üçün Azərbaycan Cənubi Qafqazda sadəcə qonşu dövlət deyil. Bakı Türkiyə, Mərkəzi Asiya və Avropa arasında getdikcə daha mühüm kommunikasiya və enerji qovşağına çevrilir. Şimal-Cənub nəqliyyat marşrutu, Xəzər üzərindən daşımalar, enerji layihələri və regiondakı yeni geosiyasi balans Rusiyanın Azərbaycanla münasibətləri tamamilə qarşıdurma müstəvisinə keçirməsini çətinləşdirir.
Digər tərəfdən, Azərbaycanın xarici siyasətində də Moskva ilə münasibətlərin tam qoparılması xətti görünmür. Bakı həm Türkiyə və Qərblə strateji əlaqələrini genişləndirir, həm də Rusiya ilə dialoq kanallarını açıq saxlayır. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu xarici siyasətin əsas xüsusiyyətlərindən biridir. Məhz buna görə Rusiyanın ən sərt media seqmentində də əvvəlki “Azərbaycan Rusiyaya qarşıdır” tezisini eyni intensivliklə davam etdirilməsi getdikcə çətinləşir.
ŞƏT sammitində əsas müzakirələr regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və qlobal geosiyasi proseslər ətrafında cəmlənib. Rusiya lideri özü də sammitdə çıxışında beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlığın və BMT-nin rolunun vacibliyindən danışıb.
Bu mənzərədə Azərbaycanla açıq qarşıdurmanın davam etdirilməsi Moskvanın regional maraqları baxımından əlavə risk yarada bilər. Xüsusilə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada artan təsiri, Azərbaycanın Qərblə strateji əlaqələrinin genişlənməsi və Bakı-Ankara xəttinin güclənməsi fonunda Rusiya üçün Azərbaycanla dialoqu qorumaq daha rasional seçimə çevrilir.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Bişkekdəki tədbirlərdə iştirakı diqqət çəkib. O, sentyabrın 1-də digər ölkələrin birinci xanımları ilə birlikdə “Ala-Arça” dövlət iqamətgahında keçirilən tədbirdə iştirak edib.
Bütün bunların fonunda, əsas dəyişiklik Moskva-Bakı münasibətlərinin siyasi dinamikasında baş verir. Dünən Azərbaycanı təzyiq və ittihamlarla hədəfə almağa çalışan informasiya maşını bu gün eyni sərtliyi davam etdirməkdə əvvəlki qədər rahat deyil.
Beləliklə, bugünkü reallıq Rusiyaya Bakını itirməyin Moskva üçün baha başa gələ biləcəyini xatırladır.
Aysel Mətləb