Azərbaycan ətrafında qlobal olaylar yaşanır - Rusiya xahiş edir, Amerika maliyyə yollayır, Azovda soydaşlarımız...
Azərbaycanda ötən həftə ərzində enerji, xarici siyasət və regional təhlükəsizlik gündəminin ön plana çıxdığı dövr kimi yadda qaldı.
Həftənin ən mühüm hadisələrindən biri Bakı Enerji Həftəsi 2026 çərçivəsində əldə olunan razılaşmalar oldu. BP şirkəti “Azəri-Çıraq-Günəşli” yatağında qaz hasilatına başladığını açıqladı, TotalEnergies isə “Abşeron” yatağının ikinci mərhələsinin 2026-cı ilin sonunadək irəlilədiləcəyini bildirdi.
Bununla yanaşı, ABŞ şirkətləri ilə ümumi dəyəri 8 milyard dolları aşan müqavilələr imzalandı və Türkiyə ilə yeni elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edildi.
Yaxın Şərqdə artan gərginlik fonunda Azərbaycan Avropa və Asiya üçün etibarlı enerji tərəfdaşı kimi daha da ön plana çıxır. Mütəxəssislər hesab edirlər ki, enerji qiymətlərində mümkün yüksəliş dövlət büdcəsinə əlavə gəlirlər qazandıra, yaşıl enerji layihələrinin genişlənməsi isə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirə bilər.
Geniş rezonans doğuran digər hadisə Azov dənizində azərbaycanlı dənizçilərin həlak olması oldu. Dron hücumu nəticəsində bir neçə Azərbaycan vətəndaşının həyatını itirməsi ölkədə ciddi narahatlıq yaratdı. Hadisə eyni zamanda xaricdə çalışan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Regional əməkdaşlıq istiqamətində diqqət çəkən hadisələrdən biri də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən üçtərəfli görüşü oldu. Görüşdə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi.
ABŞ ilə enerji və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi də həftənin əsas mövzularından biri kimi qiymətləndirilir. Vaşinqton və Bakı arasında aparılan danışıqlar, yeni investisiya təşəbbüsləri və enerji layihələri Azərbaycanın Qərb üçün strateji əhəmiyyətinin artdığını göstərir. Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq dövlət gəlirlərinin artmasına, makroiqtisadi sabitliyin möhkəmlənməsinə və “Böyük Qayıdış” proqramının maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər.
Eyni zamanda, Rusiya ilə münasibətlərdə də yeni dinamika müşahidə olundu. Son yüksək səviyyəli təmaslarda tərəflər əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladılar və əvvəlki dövrlərdə yaranmış bəzi məsələlərin həlli istiqamətində müzakirələr apardılar. Bu siyasət Azərbaycanın dəyişən geosiyasi şəraitdə manevr imkanlarını artırır və ölkəyə regional proseslərdə daha fəal rol oynamaq imkanı yaradır.
Jalə Rövşən