Açıqlamalar göstərir ki, Rusiya Ermənistanı işğala zəmin hazırlayır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandakı parlament seçkilərinin “Qərbin və Aİ-nin müxalifətə qarşı görünməmiş təzyiqi və müdaxiləsi” şəraitində keçirildiyini bəyan edib.
Hakim “Mülki Müqavilə” Partiyasının dəstəyinin xeyli azalmasını, Erməni Apostol Kilsəsinə qarşı təzyiqləri və cəmiyyətin dərin qütbləşməsini vurğulayan bu mövqe Moskvanın gələcək addımları üçün zəmin deməkdir.
Seçkilərdən sonra Rusiyanın Ermənistanda hansı taktikalara əl ata biləcəyi ilə bağlı bir neçə ehtimal var:
Rusiya artıq “Mülki Müqavilə”nin zəiflədiyini qeyd edib. Seçkidən sonrakı dövrdə Rusiyayönlü müxalif qüvvələrə (xüsusilə Köçəryan və ya digər ənənəvi liderlərə yaxın qruplara) maliyyə, media və təşkilati dəstəyin artırılması mümkündür. Kilsə ilə bağlı təzyiqlərə cavab olaraq, Rusiya Erməni Apostol Kilsəsini “milli dayaq” kimi ön plana çıxararaq dini və mədəni kartı daha fəal şəkildə işə sala bilər. Bu isə küçə etirazlarını və ya yeni siyasi platformaların yaranmasını stimullaşdıra bilər.
Ermənistan Rusiya qazı və enerji resurslarından ciddi şəkildə asılıdır. Seçkilərdən sonra Qərbə daha da yaxınlaşma siqnalları verilsə, Moskva qaz qiymətlərini artırmaq, təchizatı məhdudlaşdırmaq və ya Avrasiya İqtisadi İttifaqı çərçivəsində təqdim olunan güzəştləri ləğv etməklə İrəvana iqtisadi xəbərdarlıq göndərə bilər. Eyni zamanda, Rusiyada yaşayan erməni diasporunun pul köçürmələri və biznes əlaqələri də təzyiq alətinə çevrilə bilər.
Həmçinin Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistandakı parlament seçkilərinin yekun nəticələrini gözlədiklərini və proses zamanı baş verdiyi iddia olunan “çoxsaylı qanun pozuntuları” ilə bağlı bütün məlumatları diqqətlə qeydə aldıqlarını bildirib. Bu da Rusiyanın seçki prosesinə tənqidi yanaşdığını və gələcək mövqeyini formalaşdırmaq üçün arqumentlər topladığını göstərir.
Artıq informasiya müharibəsi başlayıb. Rusiya mediası və sosial şəbəkələri vasitəsilə “Qərb satqınlığı”, “Paşinyanın ölkəni xarici qüvvələrin təsiri altına verməsi” və “milli xəyanət” kimi narrativlərin gücləndirilməsi ehtimalı var. Erməni dilində xüsusi kontent, Telegram kanalları və kilsə ilə bağlı materiallar daha geniş şəkildə yayıla bilər. Bu isə cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirə bilər.
Ən real ssenaridə Rusiya birbaşa hərbi müdaxiləyə əl atmadan, hibrid üsullarla (iqtisadi təzyiq, daxili siyasi qüvvələrə dəstək və informasiya kampaniyaları vasitəsilə) Paşinyan hakimiyyətini zəiflətməyə çalışacaq. Bununla belə, hərbi müdaxilə kimi daha sərt addımlar ehtimalını da tam istisna etmək olmaz.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrdə Rusiya vətəndaşlarının həbsi, saxlanılması və ya təqibi hallarında rus silahlı qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalaması da Ermənistana müdaxilə etmək üçün potensial təzyiq "kozr"ı ola bilər.
Məqsəd ya hakimiyyət dəyişikliyinə nail olmaq, ya da İrəvanı Qərblə yaxınlaşma siyasətindən geri çəkilməyə məcbur etmək ola bilər. Zaxarovanın sərt tonu göstərir ki, Moskva Ermənistanı öz təsir dairəsindən çıxarmağa hazır deyil və Qərbin bölgədəki fəallığını cavabsız qoymaq niyyətində də deyil.
Qeyd edək ki, Antonio Kosta, Irakli Kobaxidze və Kasım-Comart Tokayev artıq Paşinyanı təbrik ediblər. Bu isə Qərbin və bəzi MDB ölkələrinin Paşinyana siyasi dəstək verdiyini göstərir və Rusiya ilə Qərb arasında yeni rəqabət dalğasını gücləndirə bilər.
Ermənistan hazırda iki böyük geosiyasi mərkəzin arasında sıxışmış vəziyyətdədir. Qərbin artan təsiri ilə Rusiyanın mümkün “qayıdış strategiyası” arasında seçim etmək məcburiyyətində qaldığı barədə fikirlər səsləndirilir. Mübarizənin toxumları isə artıq media məkanında səpilir.
Hətta, bəzi ekspertlər deyirlər ki, Rusiya "start"da dayanıb.
Moskvanın bu dəfə yalnız bəyanatlarla kifayətlənəcəyini, yoxsa real təsir alətlərini işə salacağını yaxın zamanda görəcəyik.
Jalə Rövşən