İcra işləri 387 mini ötdü: Onlayn kreditlərlə bağlı GİZLİ TƏHLÜKƏ nədir?
Məhkəmə qərarlarının icrası ilə bağlı problemlərin həlli üçün qanunvericilik dəyişiklikləri ilə yanaşı, əhalinin ödəmə qabiliyyətinin artırılması, kredit siyasətinin təkmilləşdirilməsi və maliyyə mexanizmlərinin yenidən qiymətləndirilməsi də vacibdir.
TodayPress TV xəbər verir ki, Milli Məclisdə “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bu məsələlərə diqqət çəkib.
Deputat bildirib ki, dövlət adından çıxarılan məhkəmə qərarları icra edilmədikdə təkcə vətəndaşlar və bank sektoru zərər çəkmir, eyni zamanda, məhkəmə sisteminin iş yükü artır və hüquqi mexanizmlərin effektivliyi zəifləyir.
O qeyd edib ki, 2021-ci ildən başlayaraq hər il icra xidmətinə 300 mindən çox sənəd daxil olub. 2024-cü ildə isə bu göstərici 25,7 faiz artaraq 387 mini ötüb.
Zahid Orucun sözlərinə görə, xüsusilə təminatsız kreditlərlə bağlı icra işlərinin artması ciddi iqtisadi və sosial problemə çevrilib. 2023-cü ildə bank kreditləri ilə bağlı 74 min yeni iş icraya daxil olduğu halda, 2024-cü ildə bu rəqəm 112 minə çatıb.
Deputat vurğulayıb ki, məhkəmə qərarlarının icrası sahəsində yaranan problemləri yalnız hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə həll etmək mümkün deyil. Bu istiqamətdə müvafiq dövlət qurumlarının kompleks tədbirlər həyata keçirməsinə ehtiyac var.
O bildirib ki, təminatsız kreditlər üzrə borclunun ödəmə qabiliyyəti olmadıqda və adına tələbin yönəldilə biləcəyi əmlak mövcud olmadıqda, məhkəmə qərarının çıxarılması borcun faktiki qaytarılmasını təmin etmir. Buna görə də icra sisteminin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin məşğulluğunun və real gəlirlərinin artırılması, sabit iş yerlərinin yaradılması da vacibdir.
Deputat rəqəmsal bankçılıq və onlayn kreditləşmənin genişlənməsinə də toxunub. Onun fikrincə, kreditlərin sürətlə verilməsi borcalanın real ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməsini əvəz etməməlidir. Banklar kredit qərarı verərkən yalnız şəxsin maaşını deyil, onun ümumi borc yükünü, sabit xərclərini və ödəmə imkanlarını da nəzərə almalıdırlar.
Zahid Oruc qeyd edib ki, müzakirə olunan qanun layihəsi borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi üçün hüquqi mexanizmlər yaradır. Layihəyə əsasən, sənədli qiymətli kağızların götürülməsi, sənədsiz qiymətli kağızların isə Mərkəzi Depozitarda saxlanılması ilə bağlı icra tədbirləri nəzərdə tutulur.
Deputat hesab edir ki, qiymətli kağızlarla bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi əhəmiyyətlidir. Bununla belə, məhkəmə qərarlarının icrası sahəsindəki problemlərin aradan qaldırılması üçün qanunvericilik tədbirləri iqtisadi və sosial addımlarla tamamlanmalıdır.
Qiymət Mahir