Uşaqlardan kim istifadə edir?: "Bu, dini müdafiə etmək yox, onu gözdən salmaqdır"
Son günlər sosial şəbəkələrdə və təhsil müəssisələrində bəzi geyim formaları ilə bağlı yaranan gərginliklər, azyaşlı uşaqların bu proseslərə qatılması cəmiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı hüquqşünas Müşfiq Abbasov TodayPress TV-yə bildirib ki, ibtidai sinif şagirdləri hələ həyatı və əməllərinin xarakterini dərk edəcək yaşda deyillər və onların bu cür radikal addımlara sürüklənməsi qəbuledilməzdir:

"İki gündür sosial şəbəkələri izləyirəm və bir daha əmin oluram ki, bu işlərin arxasında Azərbaycanı sevməyən, onun bütövlüyünə və suverenliyinə xələl gətirmək istəyən qüvvələr, xüsusilə İranın mürtəce rejimi dayanır. Təsəvvür edin ki, məhkəmələrdə 10 yaşınadək uşaqların fikirləri ona görə nəzərə alınmır ki, onlar həyatı dərk etmirlər. 14 yaşına çatmamış uşaq qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmur ki, o öz əməlinin xarakterini dərk etmir. İndi siz deyin, orta məktəbin ilk sinflərində oxuyan uşaqlar nə bilir ki, hicab nədir? Bu uşaqlardan alət kimi istifadə etməyin adı nədir? Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz. Axı bu uşaqlar İran dövlətinin deyil, Azərbaycanın gələcəyidir".
Hüquqşünas uşaqlara təlqin olunan yanlış fikirlərin cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıb:
"Bu uşaqların əksəriyyətinə öyrədilib ki, hicab bizim namusumuzdur. Namus anlayışını hicaba bağlamağın özü səhvdir. Məgər hicab taxmayan xanımlar namussuzdur? Bu uşaqları radikal çağrışlara meyilləndirmək, müəllimləri söyüş obyektivinə çevirmək, məktəb qapı-pəncərələrini qırmaq, direktorun avtomobilini yandırmaq və başqa qanunsuz əməlləri törətmək dini müdafiə etməkdən çox, onu gözdən salmaqdır".
Sonda o, hüquqi baxımdan qərarın tamamilə qanuni olduğunu və heç bir konstitusion norma pozuntusunun olmadığını qeyd edib:
"Bir hüquqşünas olaraq deyirəm ki, Konstitusiyanın heç bir maddəsinin tələbləri pozulmayıb. Vahid geyin formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı Konstitusiya ilə heç bir ziddiyyət təşkil etmir. Hər kəsi Azərbaycanın dövlətçiliyini və gələcəyini qorumağa dəvət edirəm", - deyə M.Abbasov fikrini tamamlayıb.
Türkan İsgəndərli