Ev almaq getdikcə çətinləşir - “Mənzil qıtlığı yaradılıb, qiymətlər süni şişirdilir”

Ev almaq getdikcə çətinləşir - “Mənzil qıtlığı yaradılıb, qiymətlər süni şişirdilir”
09.09.2026 14:11 Sosial

Ümüd Partiyasının sədri İqbal Ağazadənin sosial evlərlə bağlı səsləndirdiyi fikirlər yenidən mənzil bazarındakı problemləri gündəmə gətirib. Partiya sədrinin sözlərinə görə, sosial evlər layihəsi ümumi ipoteka mexanizmindən kənara çıxmayıb və nəticədə “sosial ev” adı altında adi ipoteka şərtləri və yüksək faizlər tətbiq olunub. Onun fikrincə, sosial mənzil mexanizmi daha fərqli və əlçatan şərtlərlə qurulmalıdır.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov TodayPress TV-yə danışarkən bildirib ki, mənzil qiymətlərinin kəskin qalxması sosial ev layihələrinin mahiyyətini üstələyir və dövlət büdcəsinə ağır yük salır.


O bildirib ki, əsas problem təkcə ipoteka şərtləri deyil, bazarda suni şəkildə yaradılan mənzil qıtlığı və qiymətlərin kəskin bahalaşmasıdır.

Ekspert son beş ildə daşınmaz əmlak bazarında baş verən sıçrayışlı bahalaşmanın həm vətəndaşlara, həm də dövlət büdcəsinə ciddi zərər vurduğunu vurğulayıb:

"Sosial evlər həssas təbəqələrin yaşayış şəraitinin təmin olunmasına xidmət etməli və onlar üçün əlçatan olmalıdır. Lakin Azərbaycanda son beş il ərzində daşınmaz əmlakın, xüsusilə də Bakı şəhərində mənzil qiymətlərinin 80 faizə qədər bahalaşdığını müşahidə edirik. Ölkənin iqtisadi göstəricilərini nəzərə alsaq, bu, həddindən artıq yüksək artımdır. Daşınmaz əmlakın qiymətləri artdıqca dövlət büdcəsindən ipoteka kreditlərinə yönəldilən vəsaitlərin həcmi də artır və büdcəyə əlavə yük yaradır. İpoteka mexanizmindən isə əsasən gəlirləri yüksək olan və ilkin ödəniş üçün kifayət qədər vəsaiti olan vətəndaşlar yararlana bilir".

Mütəxəssis tikinti şirkətlərinin qiymətləri süni şəkildə şişirtdiyini və mənzil qıtlığının bazarı iflic etdiyini xüsusi qeyd edib:

"Daşınmaz əmlakın bahalaşmasının əsas səbəblərindən biri tələb və təklif balansının ciddi şəkildə pozulmasıdır. Son 5-6 il ərzində tikinti şirkətləri tərəfindən bazara çıxarılan mənzillərin qiymətlərinin bir çox hallarda real bazar dəyərindən 15-20 faiz daha yüksək olduğunu müşahidə edirik. Bazarda təklifin kifayət qədər olmaması və mənzil qıtlığının yaranması qiymətlərin aşağı düşməsinə imkan vermir. Bir çox vətəndaş fərdi qaydada ev tikməyə maddi imkan tapmadığı üçün ipotekaya daha çox müraciət etməyə məcbur olur, bu da sosial evlərin əlçatanlığına mənfi təsir göstərir".

E.Azadov çıxış yolunun yalnız sosial evlərin sayını artırmaqda deyil, qiymətləri aşağı salacaq sistemli addımlarda olduğunu bildirib:

"Problemin yalnız ipoteka kreditlərinin artırılması və ya sosial evlərin sayının çoxaldılması ilə həll edilməsini düzgün hesab etmirəm. Əsas məqsəd daşınmaz əmlak bazarında tələb-təklif balansını bərpa etmək, rəqabəti artırmaq və nəticədə mənzil qiymətlərini əhalinin gəlirlərinə daha uyğun səviyyəyə gətirmək olmalıdır. Ümumilikdə daşınmaz əmlakın qiyməti daha münasib olarsa, dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsinə də daha az vəsait ayrılmasına ehtiyac yaranar", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ev almaq getdikcə çətinləşir - “Mənzil qıtlığı yaradılıb, qiymətlər süni şişirdilir” — 1
XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər