Bakıda leysan başladı: Paytaxt yağışa nə qədər hazırdır? - AÇIQLAMA
Hazırda Bakıda güclü yağış yağır. Yağıntının intensivliyi paytaxtda yağış sularının idarə olunması və mümkün subasma hallarının qarşısının alınması ilə bağlı sualları aktuallaşdırıb.
“İri Şəhərlərin Su Təchizatı” ASC-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, yağış mövsümünə hazırlıq çərçivəsində paytaxtda zəruri tədbirlər görülür.
Qeyd olunub ki, rayon sukanal idarələri yağış barmaqlıqları və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması istiqamətində iş aparır. Yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün texnika və canlı qüvvənin də cəlb olunduğu bildirilib.
“İri Şəhərlərin Su Təchizatı” ASC-dən əlavə edilib ki, Bakı şəhəri və Abşeron yarımadasında yağış sularının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində bir sıra iri layihələr nəzərdə tutulub.
Bu layihələr çərçivəsində yeni yağış xətlərinin və kollektorların inşası, mövcud şəbəkələrin ötürücülük imkanlarının artırılması və şəhərin müxtəlif ərazilərində subasma risklərinin azaldılması planlaşdırılır.
Qurum vurğulayıb ki, mövcud imkanlar hesabına görülən cari tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərdə yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli və kompleks nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq.
Hazırda Bakıda güclü yağışın davam etdiyi bir vaxtda paytaxtın yağış sularının idarə olunması ilə bağlı görülən tədbirlər və mövcud infrastrukturun vəziyyəti diqqət mərkəzindədir.
Kübra Musayeva