Alma və balqabaqla bağlı çoxlarının bilmədiyi fərq

Alma və balqabaqla bağlı çoxlarının bilmədiyi fərq
16.10.2026 03:48 Sosial

Alma və balqabaq liflə zəngin olduğu üçün həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin bu iki məhsul qan şəkərinin səviyyəsinə fərqli təsir edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Verywell Health” nəşri məlumat yayıb.

Məlumata görə, almanın qlisemik indeksi 36-dır. Bu göstərici onun aşağı qlisemik indeksli məhsullar sırasına daxil olduğunu göstərir. Qlisemik indeks qidaların qan şəkərinin səviyyəsini nə dərəcədə yüksəldə biləcəyini ölçür.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına əsasən, qabığı ilə birlikdə bir ədəd orta ölçülü “Qala” almasının tərkibində 3 qram lif və 16,5 qram şəkər var. Lif toxluq hissinin daha uzun müddət qorunmasına və təbii şəkərin orqanizmə təsirinin yumşalmasına kömək edir.

Balqabağın tərkibində isə şəkərin miqdarı nisbətən azdır. Belə ki, şəkər əlavə edilmədən bişirilmiş bir stəkan balqabaqda təxminən 5 qram şəkər və 2,7 qram lif olur.

Balqabağın qlisemik indeksi 60 olsa da, onun qlisemik yükü aşağı hesab edilir. Bu isə yeyilən porsiyanın qan şəkərinə təsirinin nisbətən az ola biləcəyini göstərir. Bununla belə, balqabağa şəkər əlavə edilməsi, xüsusilə piroq və digər şirniyyatların hazırlanması zamanı onun qan şəkərinə təsirini artıra bilər.

Hər iki məhsul həzm üçün faydalıdır

Alma və balqabağın tərkibində olan həll olunan və həll olunmayan liflər həzm sisteminin normal fəaliyyətini dəstəkləyir. Həll olunmayan lif nəcisin həcmini artıraraq bağırsaqlardan hərəkətini asanlaşdırır. Həll olunan lif isə faydalı bağırsaq bakteriyalarını qidalandırır və şəkərin orqanizm tərəfindən mənimsənilməsini ləngidə bilər.

Hər iki məhsulda olan pektin də bağırsaq mikroflorasının dəstəklənməsinə və xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər.

Mütəxəssislər almanı darçınla sobada bişirməyi, salatlara əlavə etməyi, balqabaqdan isə şəkərsiz püre və şorba hazırlamağı tövsiyə edirlər.

Qeyd edək ki, şəkərli diabeti olan şəxslər qidalanma planını fərdi ehtiyaclarına uyğun olaraq həkimlə razılaşdırmalıdırlar. Qan şəkərinə təsir yalnız məhsulun qlisemik indeksindən deyil, porsiyanın ölçüsündən və digər amillərdən də asılıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər