Nə gül qalıb, nə sosializm, “Kolxoz 2” niyə qalmalıdır? - Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsinə kompleks yanaşmağın vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, deputat Milli Məclisin plenar iclasında çıxışı zamanı bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
“Burada əsaslandırmada deyirik ki, tarixi irsimizi gələcəyə ötürək. Təbii ki, kolxoz da bizim tarixi irsimizdir. Müəyyən bir dövr olub və həmin dövrü hamımız xatırlayırıq.
Mənim də millət vəkili seçildiyim Sabunçu rayonu ərazisində müxtəlif adlar var. Məsələn, “Kolxoz 2”, “Ramana gülçülük kolxozu”. Nə gül qalıb, nə sosializm qalıb. “Kolxoz 2” adının dəyişdirilməsi məsələsi də var.
Mən hesab edirəm ki, həmin dövrdən qalan və bu günün reallıqlarına uyğun olmayan adlara kompleks şəkildə baxmaq lazımdır. Bütün sənədlərdə, ünvanlarda “Kolxoz 2” və bu kimi adlar qalır. Bunların dəyişdirilməsi məsələsini operativ həll etmək daha doğru olardı. Həm də elə etmək lazımdır ki, bu məsələni çoxlu maddi vəsait xərcləmədən həll etmək mümkün olsun.
O baxımdan bunu xatırlatmaq istədim. Təbii ki, həmin ərazi Şamaxı bələdiyyəsinin tərkibindədir. Lakin 15 min nəfərin yaşadığı bu yaşayış məntəqəsi müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan adla ifadə olunur. Hər halda, buna da diqqət yetirsəniz, faydalı olardı”, – deyə Fazil Mustafa bildirib.
Qiymət Mahir