Mərkəzi Banka yeni SƏLAHİYYƏTLƏR VERİLDİ
Maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət mexanizmlərinin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verərkən deyib.
Deputat bildirib ki, bankar, maliyyə fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrar sığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri və digər müvafiq maliyyə institutlarının daxil olduğu maliyyə qrupları üzrə bütün qrupu əhatə edən nəzarət mexanizmi formalaşdırılacaq və tətbiq olunacaq.
Onun sözlərinə görə, maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri Mərkəzi Bank tərəfindən dövri olaraq qiymətləndiriləcək.
Vüqar Bayramov qeyd edib ki, maliyyə institutları yaradıldıqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində və müştəri qruplarının xüsusiyyətlərində əhəmiyyətli dəyişikliklər baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki qiymətləndirmə ilə müqayisədə aparılan əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və daha çox artdıqda da təkrar qiymətləndirmə aparılması nəzərdə tutulur.
Deputat vurğulayıb ki, Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini müəyyən edərkən maliyyə institutunun və maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını və nəzarət mexanizmlərini nəzərə alacaq.
O bildirib ki, nəzarət tədbirləri zamanı ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və bu fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı risklər də nəzərə alınacaq.
Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar sorğuda müəyyən edilmiş müddətdə təqdim edilməlidir.
“Beləliklə, Mərkəzi Bank maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət həyata keçirmək və məlumat tələb etmək səlahiyyətinə malik olacaq. Eyni zamanda, bu səlahiyyətlərin qanunvericilikdə daha aydın və əhatəli şəkildə əks olunması mümkün olacaq”, – deyə deputat bildirib.
O əlavə edib ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə olunub və dəstəklənib. Deputat həmkarlarını qanun layihəsinə dəstək verməyə çağırıb.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Qiymət Mahir