Azərbaycanda dövlət standartlarının sayı 9,6 dəfə artıb
“2021-ci illə müqayisədə 2025-ci ildə qəbul edilmiş dövlət standartlarının sayı 9,6 dəfə artıb. Cari ilin ilk 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul edilib”.
TodayPress TV xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov “Ümumdünya Standartlar Günü” münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, yeni qəbul edilən standartlardan 90-ı neft-kimya, 60-ı qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə yüngül sənaye sahələrini əhatə edir.
İ.Həsənovun sözlərinə görə, standartlaşdırma məhsulların keyfiyyətinin, təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında, eləcə də yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır.
Qeyd olunub ki, 2021-ci ildən icrasına başlanılan Dövlət Proqramı çərçivəsində milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Bildirilib ki, Azərbaycan mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edirlər. Eyni zamanda, Azərbaycan Standartlaşdırma İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiya (IEC) ilə əməkdaşlığı genişləndirilir.
İlqar Həsənov növbəti mərhələdə standartların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılmasının, sahibkarlar üçün əlçatanlığın artırılmasının, həmçinin rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi istiqamətlərində işlərin davam etdiriləcəyini bildirib.
Jalə Rövşən