Tarixi adların bərpası strateji əhəmiyyət daşıyır – Siyavuş Novruzov

Tarixi adların bərpası strateji əhəmiyyət daşıyır – Siyavuş Novruzov
16.10.2026 11:24 Siyasət

“Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və tarixi irsimizin gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin mühüm istiqamətlərindəndir”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xalqımızın milli kimliyinin qorunmasına, tarixi yaddaşımızın yaşadılmasına və dövlətçilik ənənələrimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

“Milli Məclisin qanunvericilik fəaliyyəti çərçivəsində qəbul edilən qərarların hüquqi əhəmiyyəti ilə yanaşı, onların tarixi, mənəvi və ictimai mahiyyəti də xüsusi önəm daşıyır. Xüsusilə xalqımızın milli kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini özündə yaşadan coğrafi adların qorunması və bərpası milli irsimizə sahib çıxmaq baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, müzakirəyə təqdim olunan qanun layihəsi yalnız bələdiyyələrin adlarının dəyişdirilməsi ilə bağlı texniki-hüquqi məsələ ilə məhdudlaşmır:

“O, xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə ehtiramın ifadəsi, milli kimliyimizin qorunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir”.

Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində milli irsimizin qorunması, tarixi toponimlərimizin bərpası və coğrafi adlarımızın milli kimliyimizə, tarixi köklərimizə uyğunlaşdırılması mühüm yer tutur. Bu sahədə görülən işlər ardıcıl və sistemli xarakter daşıyır, qanunvericilik səviyyəsində tənzimlənən məsələlər isə müvafiq hüquqi aktlarla təsbit olunur.

“Coğrafi adlar yalnız yaşayış məntəqələrini fərqləndirən adlar deyil. Onlar xalqımızın tarixini, yaddaşını, mənəvi dünyasını və milli mənsubiyyətini özündə yaşadan mühüm dəyərlərdir. Buna görə də tarixi adların bərpası milli yaddaşın qorunması, tarixi-mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə deputat bildirib.

O, bu siyasətin əhəmiyyətinin xüsusilə 44 günlük Vətən müharibəsi dövründə özünü aydın şəkildə göstərdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi zəfərlə yanaşı, milli toponimlərimizin bərpası istiqamətində də mühüm addımlar atılıb.

Siyavuş Novruzov Madagiz kəndinə Suqovuşan adının qaytarılmasını, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Tusakuri kəndinin Hünərli, Xocalı rayonunun Üçtəpə kəndinin isə Baharlı adlandırılmasını milli irsə sahib çıxmağın və tarixi ədalətin bərpasının nümunələri kimi göstərib.

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər