Ahıllar üçün günərzi qayğı mərkəzində xidmət göstərilən Xavər Nuriyevanın 90 yaşı qeyd olundu

Sosial

22.12.2025 16:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Bakı şəhərində ahıllar üçün yaradılmış günərzi qayğı mərkəzində xidmət göstərilən Xavər Nuriyevanın 90 yaşı qeyd edilib.

TodayPress TV xəbər verir ki, tədbirdə günərzi qayğı mərkəzinin benefisiarları, Agentliyin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Agentliyin əməkdaşları Xavər Nuriyevanı təbrik edərək, xoş arzularını çatdırıblar.

Qeyd edək ki, Agentliyin sosial sifarişləri çərçivəsində ölkəmizin 5 şəhər və rayonunda (Bakı, Gəncə, Sumqayıt, Qazax, Xaçmaz) ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. 

Bu mərkəzlərdə tənha ahılların asudə vaxtlarının səmərəli təşkili, aktiv həyat tərzinin təşviqi, onların özünəxidmət bacarıqlarının artırılması, maarifləndirilməsi və s. istiqamətlərdə xidmətlər göstərilir. Ahıllarımız müxtəlif dərnəklərə və sosial-mədəni tədbirlərə də cəlb edilirlər. 

Layihə çərçivəsində ümumilikdə 150 ahıla sosial xidmət göstərilir.

TodayPress TV

tag: ƏƏSMN,SXA,Qayğı,Ahıl,Todaypress.tv,