Bakı yenidən Qərb və Şərqin danışıq masası olur – Deputat vacib detallardan danışdı

Bakı yenidən Qərb və Şərqin danışıq masası olur – Deputat vacib detallardan danışdı
13.10.2026 11:33 Siyasət

Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasəti ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və regional təşəbbüslərdə rolunun artmasına şərait yaradır.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasəti ölkənin strateji manevr imkanlarını genişləndirir, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq qurmasına, regional və qlobal müstəvidə sülhə və sabitliyə töhfə verməsinə imkan yaradır.

Onun sözlərinə görə, Azərbaycan hər hansı güc blokunun təsir dairəsinə daxil olmadan öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir. Bu yanaşma ölkənin xarici siyasətində keyfiyyətcə yeni mərhələnin əsas xüsusiyyətlərindəndir.

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq proseslərdə mövqeyinin nəzərə alınması, təşəbbüslərinin dəstəklənməsi və təsir imkanlarının qəbul edilməsi ölkənin etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Çin və ABŞ kimi qlobal güc mərkəzləri ilə strateji tərəfdaşlıq da Azərbaycanın müstəqil diplomatiyasının və beynəlxalq nüfuzunun təzahürüdür.

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də qarşıdurma içində olan tərəflər arasında təmasların qurulması üçün platformaya çevrilməsidir. Bunun üçün yalnız əlverişli coğrafi mövqe deyil, həm də dövlətin və onun liderinin beynəlxalq tərəfdaşlar arasında yüksək etimada malik olması vacibdir.

O, Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının və yeni əməkdaşlıq formatlarına qoşulmasının ölkənin xarici siyasət coğrafiyasını genişləndirdiyini bildirib. Bu baxımdan, Azərbaycanın Qırğızıstanın da təmsil olunduğu Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşü formatına qoşulmasını yeni imkanların yaranması kimi qiymətləndirib.

Rizvan Nəbiyev, həmçinin Qırğızıstanın üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşünün Xankəndidə keçirilməsinin, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sədrliyinin əhəmiyyətini vurğulayıb.

Deputatın sözlərinə görə, 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşünə ilk dəfə sədrlik edəcək. Həmin il İslam Əməkdaşlıq Təşkilatına sədrliyin də Azərbaycana keçəcəyi və təşkilatın 18-ci zirvə görüşünün ölkəmizdə keçiriləcəyi gözlənilir.

O, Azərbaycanın gələn il Özbəkistanla birlikdə Müstəqil Dövlətlər Birliyinə həmsədrlik edəcəyini, 2028-ci ildə isə MDB-nin zirvə görüşünün Azərbaycanda təşkil olunacağını diqqətə çatdırıb. Bundan əlavə, 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin zirvə görüşünün də ölkəmizdə keçirilməsi nəzərdə tutulur.

Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycanın qarşıdakı illərdə xarici siyasətdə daha fəal rol oynaması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə uzlaşır. O, Prezident İlham Əliyevin Şərq-Qərb Media Forumunda və Yeni Azərbaycan Partiyasının qurultayında Azərbaycanın orta güc kimi xarakterizə olunması ilə bağlı səsləndirdiyi fikirlərin bu baxımdan əhəmiyyətini vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər