XİN-dən azərbaycanlılara xəbərdarlıq: Bu bölgələrə səfər etməyin
Qara dənizdə dron hücumuna məruz qalan yük gəmisindəki 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib.
TodayPress TV xəbər verir ki, hadisə Bolqarıstan sahilləri yaxınlığında baş verib.
Məlumata görə, Malta bayrağı altında üzən, Ukrayna şirkətinə məxsus “CHELSEA-3” yük gəmisi oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili aralıda üç hava dronunun hücumuna məruz qalıb.
Gəmidə ümumilikdə 15 nəfər olub. Onlardan 8-i Azərbaycan, 7-si isə Ukrayna vətəndaşıdır. Bolqarıstan sərhəd polisi heyətin bütün üzvlərini xilas edərək Varna limanına çatdırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan vətəndaşı Ramin Rauf oğlu Qəmbərli Varna şəhərindəki hərbi hospitala yerləşdirilib. Onun səhhəti həkimlərin nəzarətindədir. Digər 7 azərbaycanlının vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
XİN-in bildirdiyinə görə, vətəndaşlara tibbi və konsulluq dəstəyi göstərilir, onların Azərbaycana təhlükəsiz qayıtması üçün müvafiq tədbirlər görülür.
Hadisə ilə bağlı Bolqarıstanın baş naziri Rumen Radev hücumları “tamamilə yolverilməz” adlandırıb. Həmin gecə yaxınlıqda başqa bir gəminin də dron hücumuna məruz qalaraq batdığı bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərdə, xüsusilə Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyi tövsiyə edib.
Türkan İsgəndərli