Əliyev Uzaq Asiyanı İpək Yoluna calayır!
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib, oktyabrın 13-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü olub. Kambocanın Baş naziri Hun Manet isə oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib, oktyabrın 12-də Bakıda onun rəsmi qarşılanma mərasimi keçirilib və o, həmçinin AQEM sammitində iştirak edir. Qeyd edək ki, Laos və Kamboca Cənub-Şərqi Asiyada (Hind-Çin yarımadasında) yerləşən bilavasitə həmsərhəd qonşu dövlətlərdir. Səfərlər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi (sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri Çam Nimul mübadilə ediblər), Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında isə Birgə Bəyanat qəbul edilib və digər əməkdaşlıq sənədləri mübadilə olunub.
Əməkdaşlıqlar ölkəmizə hansı ticari yenilikləri gətirəcək?

Sözügedən mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov TodayPress TV-yə açıqlamasında bildirib ki, Kamboca və Laosla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarında iki ölkə arasında ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olmasına baxmayaraq, rəsmi səfərdən sonra bu göstəricinin artacağına əminlik ifadə ediblər.

"Azərbaycanla Kamboca arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da, ticarət əlaqələrində nəzərəçarpan dəyişikliklər son illərdə müşahidə olunur. Bununla belə, uzaq Asiya ölkəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.
2025-ci ildə Azərbaycanla Kamboca arasında ticarət dövriyyəsi 12,7 milyon dollar təşkil edib. Bu dövriyyənin hamısı Kambocadan idxalın payına düşüb. Ötən il Azərbaycanın Kambocaya ixracatı qeydə alınmayıb. Eyni tendensiya 2026-cı ilin ilk səkkiz ayında da davam edib. Belə ki, Kambocadan 7,2 milyon dollarlıq məhsul idxal olunsa da, Azərbaycan məhsullarının bu ölkənin bazarına çıxışı qeydə alınmayıb.
Kambocadan 201 məhsul növü üzrə idxal həyata keçirilib. İdxalın əhəmiyyətli hissəsini yüngül sənaye məhsulları təşkil edib. Bunlara qadınlar üçün kimyəvi saplardan hazırlanmış palto, yarımpalto, bürüncək və plaşlar, pambıq ipliyindən toxunmuş şalvar və kombinezonlar, eləcə də müxtəlif trikotaj məmulatları daxildir",- ekspert vurğulayıb.
İqtisadçının fikrincə, Azərbaycan üçün əsas prioritetlərdən biri qeyri-neft-qaz məhsullarının Kamboca bazarına çıxarılmasıdır. İki ölkə arasında ticarət əməkdaşlığını genişləndirmək məqsədilə birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişi üzrə razılaşma da bu baxımdan əhəmiyyətlidir. Sazişin Azərbaycan məhsullarının Kamboca bazarına çıxışına şərait yaradacağı gözlənilir.
Onun sözlərinə görə, Laosla iqtisadi münasibətlərdə də oxşar vəziyyət müşahidə olunur:
"Azərbaycan və Laos prezidentlərinin görüşündə iqtisadi əməkdaşlığın gücləndirilməsi prioritet məsələlərdən biri kimi müzakirə edilib.

2025-ci ildə Azərbaycanla Laos arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 faiz artsa da, ümumi göstərici cəmi 329 min dollar təşkil edib. Təxminən 8 milyon əhalisi və 236 min kvadratkilometr ərazisi olan Laosun nominal ümumi daxili məhsulu 16,3 milyard dollar, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla isə 78,8 milyard dollar səviyyəsində qiymətləndirilir. Kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur. Laos neft və qaz idxal etsə də, elektrik enerjisi ixrac edir.
Azərbaycan Laosla 30 məhsul növü üzrə ticarət əlaqələri qurub. İdxalın əsas hissəsini ayaqqabılar və müxtəlif texniki avadanlıqlar təşkil edir. Belə ki, ayaqqabı idxalına 96 min dollar, rezin ayaqqabılara 71 min dollar, taxta altlıqlı ayaqqabılara isə 48 min dollar xərclənib. Səsin, təsvirin və digər məlumatların qəbulu, çevrilməsi, ötürülməsi və ya bərpası üçün maşınların idxalının dəyəri 49 min dollar olub.
Bununla belə, 2025-ci ildə Azərbaycan məhsullarının Laos bazarına ixracı qeydə alınmayıb. Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə görüşündə iqtisadi əlaqələrin daha fəal inkişaf etdirilməsinə maraq ifadə olunub. Laos Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığa təkan verəcəyi gözlənilir".
Vüqar Bayramov sonda əlavə edib ki, uzaq Kamboca və Laosla iqtisadi əlaqələrin genişləndirilməsi üçün əsas vəzifələrdən biri qarşılıqlı ticarətdəki disbalansın azaldılması və Azərbaycan məhsullarının həmin bazarlara çıxarılmasıdır. Qeyri-neft-qaz məhsullarının ixracının təşviqi, birgə biznes əlaqələrinin qurulması və ticarət əməkdaşlığının institusional mexanizmlərlə dəstəklənməsi bu istiqamətdə yeni imkanlar yarada bilər.