Paşinyan: "Ermənistan və Azərbaycan ticarət üçün mal siyahıları mübadilə edir"

Siyasət

08.01.2026 14:59

Yerevan və Bakı potensial ticarət üçün mal siyahılarının mübadiləsini aparır.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, bunu hökumət iclasından sonra keçirilən brifinqdə deyib.

Paşinyanın sözlərinə görə, hazırda tərəflər bir-birinə sata və ya ala biləcəkləri məhsulların siyahılarını nəzərdən keçirir. Bu çərçivədə Azərbaycan neft məhsullarının Ermənistana satılması da müzakirə olunur.

Paşinyan qeyd edib ki, delimitasiya komissiyalarının iclası zamanı Azərbaycan Baş nazirinin müavini bu təklifi irəli sürüb və daha sonra şirkətlər arasında əlaqə yaradılıb. Onun sözlərinə görə, Azərbaycan benzininin ilk partiyası idxal edilən zaman bəzi Ermənistan yanacaqdoldurma məntəqələri onu satmaqdan imtina edib və faktiki olaraq boykot baş verib.

Paşinyan bildirib ki, hökumət bazarı əvvəlcədən araşdırıb və bu prosesi siyasi məqsədlər üçün istifadə etməyəcək iş adamlarına təklif edib. O əlavə edib ki, bir müddət sonra bazarın hamı üçün açıq olduğu aydın olacaq və istənilən şəxs bu imkanlardan yararlana biləcək.

Qeyd edək ki, yanvarın 8-də  Azərbaycan  Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcək. Xatırladaq ki, ötən ilin dekabrında bir neçə onillikdən sonra ilk dəfə olaraq Gürcüstan üzərindən Ermənistana 1200 ton Azərbaycan benzini ixrac edilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Nikol Paşinyan ,Ermənistan ,Azərbaycan ,Ticarət ,Todaypress.tv,