Ceyhun Bayramov BQXK-nin prezidentini qəbul etdi - NƏLƏR MÜZAKİRƏ edildi?
Siyasət
01.05.2026 11:55
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eggeri qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionumuzda həyata keçirdiyi humanitar fəaliyyətlər müzakirə edilib, Azərbaycanın bu addımlara göstərdiyi dəstəyin önəmi vurğulanıb.
Nazir Ceyhun Bayramov regionda gərginlik və hərbi əməliyyatlar fonunda Azərbaycanın hər zaman humanitar prinsiplərə sadiq qaldığını, o cümlədən İranda hərbi əməliyyatların davam etdiyi dövrlərdə bu ölkəyə humanitar yardımların göstərildiyini diqqətə çatdırıb.
Müasir dövrdə silahlı münaqişələrin əsasən mülki əhali üçün ağır nəticələr doğurduğu bildirilərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin artırılmasının vacibliyi qeyd edilib. Bu kontekstdə, Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa verdiyi önəm, habelə bu prinsiplərə daim riayət etdiyi xüsusi vurğulanıb.
Görüşdə həmçinin post-münaqişə dövründə regionumuzda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar müzakirə edilib. Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
tag: Ceyhun Bayramov,BQXK,Miryana Spolyariç Egger,Görüş,Todaypress.tv,
