Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır
Son onilliklərdə həyat tərzi ciddi şəkildə dəyişib və bir vaxtlar adi hesab olunan bir çox imkanlar yeni nəsil üçün əlçatmazlaşmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “YourTango” yazıb.
Sosial münasibətlər üzrə ekspert Zayda Slabbekornun fikrincə, təxminən 20 il əvvəl gündəlik həyat bugünkündən xeyli fərqli olub. Xüsusilə Z nəslinin yetkin həyata qədəm qoyması əvvəlki nəsillərlə müqayisədə daha çətin iqtisadi şəraitdə baş verir.
Ekspertin qeyd etdiyi əsas fərqlər arasında tək yaşamaq və şəxsi evə sahib olmaq da var. Artan kirayə qiymətləri səbəbindən bir çox gənc valideynləri ilə yaşamağa və ya mənzili başqaları ilə bölüşməyə məcbur qalır.
Təbiətə çıxış və həyət evi də əvvəlki nəsillərlə müqayisədə daha əlçatmaz olub. Eyni zamanda, yalnız bir valideynin işlədiyi ailə modeli də getdikcə azalır. Bu gün bir çox ailə iki maaşla belə xərcləri qarşılamaqda çətinlik çəkir.
Şəxsi avtomobil də artıq hər kəs üçün zəruri və əlçatan vasitə sayılmır. Gənclərin bir qismi avtomobil almaqdansa ictimai nəqliyyata üstünlük verir.
Bundan başqa, əvvəlki dövrlərdə geniş yayılan sabit iş yeri anlayışı da dəyişib. İnsanların uzun illər eyni müəssisədə işləməsi artıq əvvəlki qədər geniş yayılmış deyil.
Ekspert həmçinin ildə bir dəfə uzunmüddətli məzuniyyət imkanının da dəyişdiyini vurğulayır. Bir çox işçi məzuniyyətini il ərzində hissələrə bölərək istifadə edir.
Beləliklə, əvvəlki nəsillər üçün adi sayılan şəxsi ev, tək yaşamaq, avtomobil, sabit iş və uzunmüddətli məzuniyyət kimi imkanlar Z nəsli üçün getdikcə daha çox əlçatmaz və ya lüks hesab olunur.
Kübra Musayeva