Yer kürəsini deşdilər, aşağıda bunu tapdılar

Yer kürəsini deşdilər, aşağıda bunu tapdılar
01.10.2026 04:37 Maraqlı

1970-ci ildə Sovet İttifaqı Kola yarımadasında iddialı geoloji layihəyə başlayıb. Məqsəd Yer qabığının daha əvvəl əlçatmaz olan qatlarını araşdırmaq üçün 15 kilometr dərinliyə qədər qazmaq olub.

TodayPress TV xəbər verir ki, 1989-cu ildə Kola superdərin quyusunda 12 262 metr dərinliyə çatılıb. Miqyasını təsəvvür etmək üçün qeyd olunur ki, Everest dağı başıaşağı həmin quyuya yerləşdirilsəydi belə, zirvə ilə quyunun dibi arasında 3 kilometrdən çox məsafə qalardı. Quyunun diametri isə cəmi 23 santimetr olub.

Qazıntılar zamanı alimlər süxur qatları, böyük dərinliklərdəki çatlar və mayelər haqqında yeni məlumatlar əldə ediblər. Ən böyük sürprizlərdən biri isə suyun alimlərin onu gözləmədiyi dərinliklərdə aşkar edilməsi olub.

Bir neçə kilometr dərinlikdə yaşı 2 milyard ildən çox olan birhüceyrəli orqanizmlərin mikrofosilləri də tapılıb. Həmin dərinlikdəki süxurların əvvəlki nəzəri hesablamalardan daha məsaməli və az sıxlıqlı olduğu müəyyənləşib.

Layihə zamanı əsas problemlərdən biri yüksək temperatur olub. Hesablamalara görə, təxminən 12 kilometr dərinlikdə temperaturun 100 dərəcə ətrafında olacağı gözlənilirdi. Lakin qazma qurğusu təxminən 180 dərəcəlik temperaturla qarşılaşıb. Bu şəraitdə süxurlar mühəndislərin hesabladığından fərqli davranıb və qazma işləri getdikcə çətinləşib.

Nəticədə 15 kilometrlik hədəfə çatmaq mümkün olmayıb. Yüksək temperatur və texniki problemlər səbəbindən layihə 1990-cı illərin əvvəllərində dayandırılıb.

Araşdırmalar göstərib ki, Yer qabığının daha dərin qatları əvvəlki nəzəri modellərdə təsəvvür ediləndən daha mürəkkəbdir. Qazıntılar zamanı əldə edilən məlumatlardan bu gün də elmi araşdırmalarda istifadə olunur.

Sonrakı illərdə neft sənayesində daha böyük miqyaslı qazma işləri aparılsa da, onlar maili istiqamətdə həyata keçirilib. Kola quyusu isə bu günədək şaquli dərinlik üzrə rekordunu qoruyur.

Quyu ətrafında müxtəlif əfsanələr də yaranıb. Onlardan birinə görə, alimlər quyuya mikrofon endirərək insan qışqırıqlarına bənzəyən səslər qeydə alıblar. Bu iddia nəticəsində quyuya “Cəhənnəmə quyu” adı verilib. Lakin bu hekayənin həqiqiliyini təsdiqləyən etibarlı elmi sübut yoxdur.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər