Bir vaxtlar Avropanı külə boğan vulkan yenidən hərəkətə keçdi
Qərbi Almaniyada yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri aşkarlanıb. Alimlər mümkün güclü püskürmənin Almaniya ilə yanaşı, Avropanın böyük hissəsi üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Twoja Pogoda” nəşri yazıb.
Məlumata görə, vulkan Reynland-Pfalts federal torpağında, Andernax şəhəri yaxınlığında yerləşir. O, sonuncu dəfə təxminən 13 min il əvvəl püskürüb. Həmin vaxt atmosferə onlarla kub kilometr kül və pemza atılıb. Vulkanik materiallar Skandinaviyadan İtaliyaya qədər geniş əraziyə yayılıb.
Püskürmədən ən çox Reyn vadisi zərər görüb. Bəzi ərazilərdə vulkanik çöküntülərin qalınlığı 7 metrə çatıb. Kül və digər materiallar Reyn çayının məcrasını bağlayaraq genişmiqyaslı daşqınlara səbəb olub. Daha sonra vulkan konusunun çökməsi nəticəsində yaranan kaldera su ilə dolub və Laax gölü formalaşıb.
Alimlərin diqqətini cəlb edən əlamətlərdən biri gölün cənub-şərq sahili yaxınlığında sudan karbon qazı qabarcıqlarının çıxmasıdır. Bundan əlavə, bölgədə mütəmadi olaraq zəif və orta güclü zəlzələlər qeydə alınır.
Tədqiqatçılar vulkanın 10-40 kilometr dərinlikdə yerləşən hissələrində mikrozəlzələlər seriyası da aşkarlayıblar. Onların ocaqlarının tədricən Yer səthinə yaxınlaşması maqmanın yuxarıya doğru hərəkət edə biləcəyinə işarə kimi qiymətləndirilir.
Mümkün güclü püskürmə zamanı ən böyük təhlükənin Almaniyanın Koblenz və Bonn şəhərləri üçün yaranacağı ehtimal edilir. Bununla yanaşı, kül buludları, turşu yağışları, torpaq və suyun çirklənməsi, temperaturun aşağı düşməsi və kənd təsərrüfatına ciddi zərər kimi fəsadlar Mərkəzi Avropaya da təsir edə bilər.
Nəşr xatırladır ki, 1991-ci ildə Pinatubo və 1883-cü ildə Krakatau vulkanlarının püskürməsi qlobal temperaturun azalmasına səbəb olub. Pinatubo püskürməsindən sonra planetin orta temperaturu təxminən 0,5 dərəcə aşağı düşüb.
Mütəxəssislər əsas problemin müasir texnologiyalara baxmayaraq vulkanın nə vaxt püskürəcəyini dəqiq proqnozlaşdırmağın mümkün olmamasından ibarət olduğunu vurğulayırlar.
Kübra Musayeva