Tehrandan Bakının qərarına etiraz: “Zəruri addımlar atacağıq”

Tehrandan Bakının qərarına etiraz: “Zəruri addımlar atacağıq”
09.11.2026 13:29 Dünya

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib.

TodayPress TV Apa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

O, Azərbaycanın bu qərarını "dostcasına addım hesab etmədiklərini" bildirib.

“Ümumiyyətlə, 14 İran vətəndaşının ‘arzuolunmaz şəxs’ elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”, – deyə Bəqayi vurğulayıb.

İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb.

“Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, – deyə o əlavə edib.

Xatırladaq ki, noyabrın 3-də 14 İran vətəndaşı Azərbaycanda "arzuolunmaz şəxs" elan edilib.

TodayPress TV

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər