Demokratlar Heqset və Tramp administrasiyasının digər rəsmilərinə qarşı impiçment planlarını açıqlayıblar

Demokratlar Heqset və Tramp administrasiyasının digər rəsmilərinə qarşı impiçment planlarını açıqlayıblar
09.11.2026 13:36 Dünya

Aralıq seçkilərində qələbə qazanan demokratlar korporativ korrupsiya ilə bağlı geniş araşdırmalar aparacaqlarını və ABŞ prezidenti Donald Trampın administrasiyasının bir sıra rəsmilərinin impiçmentinə nail olmağa çalışacaqlarını bəyan ediblər.

TodayPress TV Financial Times qəzetinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsində demokratları təmsil edən aparıcı üzv Robert Qarsiya “həqiqi istintaq işi” aparılmasının zəruriliyini bildirib.

Onun sözlərinə görə, araşdırmalar İlon Maskın təşəbbüsü ilə federal dövlət qulluqçularının işdən çıxarılmasını, Trampın ziyafət zalının tikintisi üçün şirkətlərin etdiyi ianələri, eləcə də iri neft şirkətlərinin Venesuelanın resurslarına çıxış imkanlarını əhatə etməlidir.

“Artıq geri çəkildiyimiz günlər geridə qaldı”, – deyə Qarsiya bildirib. O, respublikaçıları “sərt mübarizə aparmaq” niyyətində olmaqda ittiham edib və demokratların da eyni üsullarla hərəkət edəcəklərini vurğulayıb.

Nümayəndələr Palatasının spikeri olmağa hazırlaşan Hakim Cefris müdafiə naziri Pit Heqsetin impiçmenti məsələsində partiya daxilində “son dərəcə güclü dəstək” gözlədiyini bildirib.

“Heqset səlahiyyətlərindən sui-istifadə edib, milli təhlükəsizliyimizi zəiflədib və İranda bu məsuliyyətsiz müharibəni təşkil edib”, – deyə Cefris qeyd edib.

Senator Berni Sanders isə səhiyyə naziri Robert F. Kennedi-kiçiyə qarşı impiçment təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bildirib. Bir sıra demokrat qanunvericilər də baş prokuror Todd Blanşa qarşı impiçment elan edilməsinin tərəfdarı kimi çıxış ediblər.

Respublikaçılar rəqiblərinin bu addımlarını “cadugər ovu” adlandırıblar. Ağ Evin rəhbəri Ədliyyə Nazirliyinə demokratlarla bağlı araşdırma aparılması barədə göstəriş verib və onları “ən yüksək səviyyədə reketçilik”də ittiham edib. Blanş isə Demokratlar Partiyasının bəzi nümayəndələrinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasların “ola biləcəyini” bildirib.

Demokratların bir qismi isə partiyanın ölkənin aktual problemlərini həll etmək əvəzinə, araşdırmalar bataqlığında ilişib qalacağından narahatlığını ifadə edib.

Kanzas ştatından seçilmiş senator Adam Hamilton bildirib: “Əksər amerikalılar üçün yaşayış xərclərinin artmasının öhdəsindən necə gəlmək məsələsi daha vacibdir”.

Xatırladaq ki, daha əvvəl ABŞ Nümayəndələr Palatasının Pit Heqsetə qarşı impiçment prosesinə başlamağı planlaşdırdığı, onun partiyadaşlarının isə bu təşəbbüsü dəstəkləmək niyyətində olduğu məlum olub.

Respublikaçılar Partiyasından olan bir neçə mənbənin sözlərinə görə, impiçmentin baş tutacağı gözlənilir. Buna səbəb “müharibənin qızğın tərəfdarı” kimi tanınan Heqsetin ABŞ-ın İranla münaqişədə sürətli və asan qələbə qazanmaq imkanlarını həddindən artıq yüksək qiymətləndirməsi olub.

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər