34 min ağac əkdilər: Avstraliyalı cütlük koalalar üçün meşə yaradır
Avstraliyanın Yeni Cənubi Uels ştatında Brett və Liza Verkou cütlüyü keçmiş maldarlıq təsərrüfatını vəhşi heyvanlar üçün təbii yaşayış məkanına çevirmək məqsədilə genişmiqyaslı layihəyə başlayıb.
TodayPress TV xəbər verir ki, cütlük 2020-ci ildə 30 hektarlıq “Narlu” ərazisini satın alıb və burada 17,5 hektara yaxın meşəni bərpa edib. Layihə çərçivəsində 34 mindən çox ağac əkilib. Əsas məqsəd koalaların yaşayış mühitini bərpa etmək və parçalanmış meşə sahələri arasında təbii dəhlizlər yaratmaqdır.
Brett və Liza, həmçinin yerli aborigen icmaları ilə əməkdaşlıq edərək ənənəvi üsullarla aşağı intensivlikli nəzarətli yanğınlardan istifadə edirlər. Bu üsul yad otların azalmasına və yerli bitkilərin yenidən inkişafına kömək edir.
Artıq ərazidə ördəkburun, tısbağalar, müxtəlif quşlar və nəsli təhlükədə olan bəzi qurbağa və balıq növləri müşahidə olunur. Cütlük bildirir ki, layihənin tam nəticəsini bəlkə də onların nəvələri görəcək.
Kübra Musayeva