Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradıldı

Maliyyə

17.11.2025 13:36

Azərbaycan Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Birjası (ADX) ilə birgə Tabadul Ticarət Mərkəzinə qoşulmaq üçün kollektiv saziş imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "MDM" məlumat verib.

Qeyd edilib ki, razılaşma Tabadul platformasının BFB ilə ADX arasında inteqrasiya rolunu gücləndirəcək və hər iki birjanın üzvlərinə qarşılıqlı şəkildə ticarət aparmaq imkanı yaradacaq. Bu, investorlar üçün ticarət prosesini daha sürətli, təhlükəsiz və əlçatan edəcək.

MDM-in funksiyası ADX üzvləri üçün nominal saxlayıcı və depo hesablarının açılması, eləcə də əldə edilən qiymətli kağızların hesablaşma və saxlanılma prosesinin təmin edilməsidir. İlkin mərhələdə Tabadul üzrə pul öhdəliklərinin tanınması və hesablaşmaların aparılması məqsədilə Azər Türk Bank hesablaşma agenti təyin edilib.

Məlumata görə, Tabadul platforması qısa müddətdə müxtəlif regionları birləşdirən mühüm ticarət körpüsünə çevrilib və kapital bazarları arasında əməkdaşlığı genişləndirib. Azərbaycanın bu mərkəzə qoşulması ölkənin kapital bazarının inkişafına, beynəlxalq inteqrasiyanın güclənməsinə və bazar rəqabət qabiliyyətinin artmasına dəstək verəcək.

TodayPress TV

tag: Azərbaycan Milli Depozit Mərkəzi (MDM),Əbu-Dabi, Bakı Fond Birjası (BFB) ,Azər Türk Bank ASC (ATB) ,Todaypress.tv,