“iOS 26” 150 gündə 74% “iPhone”da quraşdırılıb

İKT

15.02.2026 14:40

“Apple” şirkəti “iOS 26” əməliyyat sisteminin yayılma göstəricilərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, “WCCFTech” nəşrinin məlumatına görə, relizdən 150 gün sonra sistem son dörd ildə buraxılmış “iPhone” modellərinin 74 faizində quraşdırılıb.

Müqayisə üçün qeyd edilir ki, “iOS 18” və “iOS 17” analoji dövrdə 76 faiz göstəricisinə çatmışdı. Fərq minimal olsa da, hazırkı dinamika yenilənmə tempinin əvvəlki illərlə müqayisədə bir qədər zəiflədiyini göstərir.

Ekspertlər istifadəçilərin ehtiyatlı davranmasına səbəb kimi yeni “Liquid Glass” dizayn konsepsiyasını göstərirlər. İnterfeys oxunaqlılıq və kontrast problemlərinə görə birmənalı qarşılanmayıb.

Bununla belə, “iOS 26” fərdiləşdirmə imkanlarını genişləndirib. Sistemə “Liquid Glass” keçidi üçün ayrıca seçim, kilid ekranından sürüşdürmə ilə kameranın açılmasını deaktiv etmək funksiyası, zəngli saatı dayandırmaq üçün yeni jest və ekranın işıq yanıb-sönməsi ilə bildiriş imkanı əlavə olunub.

“iOS 26” 2025-ci ilin sentyabrında “iPhone 17” seriyası ilə birlikdə təqdim edilib. Sistem “iPhone 11”, “iPhone SE” (2-ci nəsil) və daha yeni modellər üçün əlçatandır.

Xatırladaq ki, daha əvvəl “Google” “Android 17”nin ilk beta versiyasını təqdim etmişdi.

Qiymət Mahir

tag: iPhone,iOS ,Liquid Glass,Apple,TodayPress TV,