Erməni mənşəli proqramlarla bağlı XƏBƏRDARLIQ: Azərbaycanlı istifadəçilərə...
İKT
23.02.2026 15:40
"Ermənistan mənşəli proqram və platformalardan istifadə azərbaycanlı istifadəçilər üçün bir sıra ciddi risklər yarada bilər".
Bu fikirləri TodayPress TV-yə danışan İKT üzrə ekspert Elvin Abbasov deyib.
![]()
Onun sözlərinə görə, şəxsi məlumatların kəşfiyyat məqsədli istifadəsi təhlükəsi bu proqramların quraşdırılarkən tələb etdiyi geniş icazələrlə birbaşa bağlıdır:
""Picsart" və ya "Krisp" kimi tətbiqlər qalereya, mikrofon və yerləşdiyi yerə (GPS) çıxış əldə edir ki, bu məlumatlar Ermənistan serverlərində emal edildiyi üçün həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən casusluq məqsədilə toplana bilər. İqtisadi və hərbi texnoloji potensialın maliyyələşdirilməsi faktoru abunəlik ödənişləri və tətbiq daxili reklam gəlirləri ilə özünü büruzə verir. Proqram daxili alış-verişdən gələn vəsaitlər vergi şəklində Ermənistan dövlət büdcəsinə daxil olmaqla, dolayısı ilə həmin ölkənin hərbi sənayesinin, o cümlədən PUA və AI əsaslı hərbi sistemlərinin inkişafına birbaşa maliyyə dəstəyi verir".
Ekspert əlavə edib ki, informasiya təxribatı və xəritə manipulyasiyası riski tətbiqlərin daxili məzmununda və coğrafi verilənlərində mütəmadi olaraq qarşıya çıxır. Bir çox erməni mənşəli proqramda Azərbaycanın coğrafi adları qəsdən təhrif edilir və ya qondarma adlarla göstərilir ki, bu da beynəlxalq platformalarda yanlış rəy formalaşdırmaq və istifadəçilərə qarşı psixoloji təsir göstərmək məqsədi daşıyır:

"Cihazların kiber-hücum alətinə çevrilməsi təhlükəsi xüsusilə VPN və az tanınmış optimizasiya tətbiqlərində gizli bir risk kimi mövcuddur. Bu proqramlar vasitəsilə cihazlara yerləşdirilən zərərli kodlar, gələcəkdə Azərbaycanın dövlət və bank infrastrukturuna qarşı təşkil edilən kütləvi kiber-hücumlarda (DDoS) istifadəçinin telefonunu və ya kompüterini bir hücum nöqtəsinə çevirə bilər", - deyə mütəxəssis qeyd edib.
Türkan İsgəndərli
tag: Elvin Abbasov,İKT üzrə ekspert,Erməni mənşəli proqramlar,XƏBƏRDARLIQ,Todaypress.tv,
