Zrenyanində qızıl hədəfi: üç final, iki bürünc şansı!
İdman
11.03.2026 09:25
Serbiyada təşkil olunan U-23 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Zrenyanin şəhərində keçirilən turnirin üçüncü günündə Azərbaycanın qadın güləşçiləri mübarizəyə qoşulacaqlar.
Milli komandanın üzvlərindən Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) döşək üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.
Üç sərbəst güləşçimiz isə bu gün Avropa çempionatının qızıl medalları uğrunda mübarizə aparacaq. Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyanla, Ali Tsokayev (92 kq) türkiyəli Fatih Altunbaşla, Yusif Dursunov (125 kq) isə rusiyalı Habib Davudqadjiyevlə üz-üzə gələcək.
Milli komandanın digər üzvləri Ağanəzər Novruzov (74 kq) və Vasif Xudiyev (86 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) qitə çempionatının gümüş medalını qazanıblar. Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medala sahib çıxıblar.
Namiq HUN
tag: Serbiya,U23,Çempionat,Güləş,Todaypress.tv,
